Səfir: “Azərbaycan-Pakistan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”

Səfir: “Azərbaycan-Pakistan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib” Əli Əlizadə: "Pakistanın Azərbaycanın haqlı mövqeyini daim dəstəkləməsi yüksək qiymətləndirilir"
Xarici siyasət
5 Sentyabr , 2017 10:59
Səfir: “Azərbaycan-Pakistan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”

Bakı. 5 sentyabr. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin dövlət televiziya kanalı olan "PTV News"un “Personality of the Week” proqramına müsahibə verib.

Səfirlikdən "Report"a verilən məlumata görə, diplomat tarix boyu olduğu kimi müasir zamanda da Azərbaycan-Pakistan ikitərəfli münasibətlərinin ötən 25 il ərzində uğurla inkişaf etdiyini, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib, həyata keçirilən səmərəli layihələr haqqında tamaşaçılara məlumat verib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti, təxribatları haqqında məlumat verən səfir, işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı əhalinin öz doğma yurdlarından qaçqın və didərgin düşdüyünü diqqətə çatdırıb. Pakistanın Azərbaycanın haqlı mövqeyinin daim dəstəkləməsinin yüksək qiymətləndirildiyini bildirən Ə.Əlizadə Dağlıq Qarabağ münaqişəsi və Kəşmir məsələsinin beynəlxalq huququn norma və prinsipləri, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında həllinin zəruri olduğunu vurğulayıb.

Heydər Əliyev Fondunun Pakistandakı fəaliyyəti haqqında məlumat verən səfir, fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Pakistana xüsusi diqqətinin olduğunu və onun təşəbbüsu və dəstəyi ilə müxtəlif tipli humanitar və sosial yönümlü layihələrin burada həyata keçirildiyini, bu cür layihələrin hər iki xalqın daha da yaxınlaşmasına, dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əlaqələrə dair sualı cavablandıran səfir təşkilata ötən beş ildəki sədrliyi dövründə üzv dövlətlər arasında iqtisadi, ticari, elmi, mədəni, humanitar və bütün sahələrdə əlaqələrin möhkəmlənməsinə Azərbaycanın böyük səylər göstərdiyini, bu ildən sədrliyin Pakistana keçdiyini və Pakistanın sədrliyi dövründə də üzv dövlətlər arasında regional əməkdaşlığın möhkəmlənəcəyinə əminliyini ifadə edib.

İki ölkə arasındakı ticarət dövriyyəsi, iqtisadi-ticari əməkdaşlığın artırılması önəmini vurğulayan Ə.Əlizadə turizm əlaqələrində nəzərə çarpacaq artımın müşahidə olunduğunu, Azərbaycan Prezidentinin sərəncamı ilə Pakistan vətəndaşlarının da cari ilin yanvar ayından başlayaraq "Asan Viza" sisteminin imkanlarından yararlandığını və son səkkiz ay ərzində Azərbaycana səfər edən Pakistan vətəndaşlarının da sayının bir neçə dəfə artdığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi