BMT, Avropa Şurası və digər beynəlxalq təsisatlar Qərbi azərbaycanlıların səsini dünyaya eşitdirməlidir.
"Report" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım Qərbi Azərbaycan İcmasının təşkil etdiyi “Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” adlı II beynəlxalq konfrans çərçivəsində “Ədalət, insan təhlükəsizliyi və əmlakın geri qaytarılması” mövzusunda keçirilən panel sessiyada deyib.
O qeyd edib ki, azərbaycanlılar Ermənistandan zorla çıxarılıblar:
"İkinci Qarabağ müharibəsi və 23 saatlıq antiterror tədbirindən sonra Azərbaycan suverenliyini tam bərpa etdi. Biz Qərbi azərbaycanlıların problemlərini dünyaya çatdırmalıyıq. Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam edir. Azərbaycan torpaqlarını tam azad edib. Reallığa baxdıqda bugünkü Ermənistan ərazisinin böyük bir hissəsi də tarixən Azərbaycan torpağı olub. Ancaq Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Azərbaycan sadəcə sülh və sabitlik istəyir".
Ş.Ayrım vurğulayıb ki, Qərbi azərbaycanlıların evlərinə təhlükəsiz şəkildə qaytarılması hansısa dövlətə qarşı ərazi iddiası mənası daşımır:
"Amma Ermənistan konstitusiyasında Azərbaycana qarşı torpaq iddiası var. Ona görə də qalıcı sülh üçün bu konstitusiya dəyişdirilməlidir".
Deputat Ermənistanın silahlandırılması məsələsindən də söz açıb:
"Fransa kimi dövlətlər Ermənistanı silahandırmağı dayandırmalıdır. Biz azərbaycanlıların evlərinə qayıdışını dəstəkləyirik və dəstəkləməyə də davam edəcəyik. Qərbi Azərbaycandan qovulan azərbaycanlıların evləri, mülkləri onların həyatlarının bir parçası idi, ancaq onlar sahib olduqlarından məhrum edildilər. Onların torpaqlarına, evlərinə qayıtması təmin edilməlidir. Beynəlxalq hüquq bunu tələb edir.
BMT və digər beynəlxalq təşkilatlar bu məsələyə müdaxilə etməlidir. Geri qayıdacaq insanların təhlükəsizliyini tam təmin edə bilmək də mühüm məsələdir. BMT və Avropa Şurası bu prosesi təşviq etmək üçün addımlar atmalı və Qərbi azərbaycanlıların səsini dünyaya eşitdirməlidir".