Pakistanda rəsmi səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova iyunun 4-də Pakistan İslam Respublikası Senatının Sədri Məhəmməd Sadiq Sancrani ilə görüşüb.
Bu barədə “Report”a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.
Azərbaycan parlamentinin nümayəndə heyətini ehtiramla qarşılayan Pakistan Senatının Sədri Məhəmməd Sadiq Sancrani ölkələrimiz arasında tarixən formalaşmış və Azərbaycanın müstəqilliyi dövründə daha da möhkəmlənmiş əlaqələrdən söz açıb. Qeyd edib ki, Pakistan Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. İki ölkənin dövlət və hökumət başçılarının, parlament rəhbərlərinin qarşılıqlı rəsmi və işgüzar səfərləri zamanı imzalanan sənədlər çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulması üçün lazımi hüquqi baza yaradıb. Beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşlərdə aparılan yüksək səviyyəli siyasi dialoq ən müxtəlif sahələrdə münasibətlərimizin inkişafına və əlaqələrimizin möhkəmlənməsinə müsbət təsir göstərib.
2020-ci ildə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən böyük sevinc və qürur duyduqlarını bildirən Məhəmməd Sadiq Sancrani bir daha təbriklərini Sahibə Qafarovaya çatdırıb. O deyib ki, Pakistan Dağlıq Qarabağı və ətraf əraziləri işğal etdiyinə görə Ermənistanı dövlət kimi tanımır və onunla diplomatik əlaqələr qurmayıb. Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, bundan sonra da dəstəkləyəcək.
Azərbaycan haqqında xoş sözlərə görə minnətdarlığını bildirən Milli Məclisin Sədri Sahibə Qafarova səfər çərçivəsində keçirilən bütün tədbirlərin, o cümlədən, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransının çox yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.
Sahibə Qafarova diqqətə çatdırıb ki, hazırkı səfər onun Azərbaycan Respublikası Milli Məclisinin Sədri olaraq Pakistan İslam Respublikasına ilk rəsmi səfəridir. Milli Məclis Pakistan İslam Respublikasının Senatı və Milli Assambleyası ilə ikitərəfli və çoxtərəfli formatda münasibətlərin inkişafında və daha da möhkəmlənməsində maraqlıdır.
Spiker qeyd edib ki, ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın səviyyəsi əlaqələrimizin inkişafına geniş imkanlar yaradır. Azərbaycan-Pakistan münasibətlərinin möhkəmlənməsində dövlət başçılarının xüsusi rolu var.
Sahibə Qafarova Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda həyata keçirilən sosial-humanitar layihələrdən söz açıb, xeyirxah əməllərinə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın illər öncə Pakistanın ali ordeni ilə təltif olunduğunu məmnunluqla qeyd edib.
Görüşdə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən iftixarla söz açan Milli Məclisin Sədri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində Ermənistanın 30 illik işğalına son qoyulduğunu, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirərək öz ərazi bütövlüyünü bərpa etdiyini, Dağlıq Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğunu, Xocalı soyqırımını törədən işğalçıların kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldıqlarını diqqətə çatdırıb. Bildirib ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra Qarabağda bərpa və quruculuq işləri başlayıb. Lakin Ermənistan bu işə mane olur, minalanmış ərazilərin xəritələrini vermir, sərhəddə təxribatlar törədir, işğaldan azad olunmuş ərazilərimizə terroristlərin keçməsinə şərait yaradır. Ermənistanın minalanmış ərazilərin xəritələrini verməməsinə görə hərbçilərlə yanaşı mülki şəxslər də həlak olur və ya zərər çəkir.
Söhbət zamanı Sədr S.Qafarova Vətən müharibəsi dövründə Pakistan parlamentinin bəyanat və qətnamələr qəbul edərək prinsipial mövqe nümayiş etdirməsini, qardaş Pakistan hökuməti tərəfindən Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə qətiyyətli dəstək verilməsini, Pakistan xalqının mənəvi dəstəyini xalqımızın çox yüksək qiymətləndirdiyini bildirib.
Söhbət zamanı parlamentlərarası əlaqələrimizin inkişaf perspektivləri ətraflı müzakirə olunub, beynəlxalq parlament qurumları çərçivəsində əməkdaşlığın, eləcə də ikitərəfli siyasi, iqtisadi, ticarət, mədəni əməkdaşlığın genişləndirilməsi vacibliyi vurğulanıb.
Sonra Milli Məclisin Sədri Sahibə Qafarova parlamentlərarası münasibətlərimizin inkişafındakı xidmətlərinə görə Pakistan Senatının Sədri Məhəmməd Sadiq Sancraniyə Milli Məclisin Fəxri Medalını təqdim edib.
Görüşdən sonra Spiker Sahibə Qafarova Pakistan Senatının Xatirə Kitabına ürək sözlərini yazıb.