Bakı. 6 sentyabr. REPORT.AZ/ Roma papası Fransiskin sentyabrın 30-dan oktyabrın 2-dək Gürcüstan və Azərbaycan daxil olmaqla Qafqaza ikinci apostol səfəri çərçivəsində Bakıya nəzərdə tutulan gəlişi "Biz hamımız qardaşıq" rəsmi şüarı altında baş tutacaq.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Şüar "İncildə Matfeyin sözləri (23,8) və Roma-katolik kilsəsinin "bütün insanlar vahid ailənin bir hissəsidir və qardaşlıq və dostluğa yönəlib" nəzəriyyəsi"ndən ilham alıb. Səfərin loqotipi şüarın mahiyyətini əks etdirir: "Odlar yurdu" Azərbaycan bayrağının rənglərində olan alov dilləri ilə təsvir olunub.
"Onlar sanki sarı rəngli xaçı (Papalığı və Azərbaycanda mövcud olan qədim xristianlığı simvolizə edən) qucaqlayır. Alov dillərinin quruluşu mərkəzindən şəfqət rəmzli şəfəq saçan ürəyi xatırladır", - deyə məlumatda bildirilir.
Bu, Vatikanın hazırkı suvereninin 16-cı xarici səfəri olacaq. Səfər proqramına görə, Fransisk sentyabrın 30-u günün ikinci yarısında Tbilisiyə gedəcək, oktyabrın 2-də isə Azərbaycana gələcək.