Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Xarici siyasət
25 Aprel , 2024 23:04
Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Report" xəbər verir ki, süjetdə Qazaxın dörd kəndinin Azərbaycana qaytarılmasından, sərhədin delimitasiyası üzrə hər iki tərəfdən qurulan komissiyaların bu il aprelin 19-da iclasında əldə olunan razılaşmanın həm region, həm də Azərbaycan üçün mühüm hadisə olmasından bəhs edilir.

Bildirilib ki, Azərbaycan və Ermənistan məsələni ikitərəfli formatda həyata keçirilən təmaslarla həll etdi: “Bu, bir daha sübut edir ki, Bakı-İrəvan xəttində problemlərin həlli üçün üçüncü tərəflərin vasitəçiliyinə ehtiyac yoxdur, əksinə belə müdaxilələr əlavə problemlər yaradır. Uzunmüddətli düşmənçiliyə baxmayaraq, iki ölkə “dil tapa” bilər və bu, qarşıda gözlənilən böyük sülh sazişinin də yalnız ikitərəfli formatda bağlanmasının mümkünlüyünü ön plana çıxarır. Burada ən mühüm məqam Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın öz doğma yurdlarına qayıdışıdır”.

Qeyd olunub ki, bütün bunlar Prezident İlham Əliyevin memarı olduğu böyük zəfərin komponentləridir və bu qələbənin müəllifi olan lider Qərbi Azərbaycana tanklar üzərində yox, maşınlarla, sülh içində qayıdacağımızı elan edib: “Son dörd ildə yaşadığımız böyük tarix əminlik yaradır ki, öz doğma yurdundan qovulmuş soydaşlarımız verdiyi sözlərə əməl edən və bütün hədəflərə nail olan Prezident İlham Əliyevin liderliyi altında Qərbi Azərbaycana ləyaqətlə, qürurla qayıdacaq”.

Sonda vurğulanıb ki, dörd kəndin qaytarılması ilə bağlı Azərbaycan və Ermənistan arasındakı razılaşmanın detalları bunu bir daha təsdiq edir: “Sərhədin digər hissələrinin də delimitasiyası prosesində 1991-ci il Alma-Ata bəyannaməsinə istinad edilməlidir. Beləliklə, Azərbaycan sülh sazişinə Qərbi Azərbaycan məsələsini, soydaşlarımızın öz evlərinə qayıdışını daxil edəcək. Hər şey böyük qayıdışa hesablanıb və torpaqlarımızı hissə-hissə azad edən Prezident İlham Əliyev Azərbaycanı bu hədəfə doğru addım-addım yaxınlaşdırır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Son xəbərlər

Orphus sistemi