Bakı. 4 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayeri qəbul edib.
"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulanıb.
Söhbət zamanı Azərbaycanda müxtəlif millətlərin və dini konfessiyaların nümayəndələrinin mehriban qardaşlıq şəraitində yaşamaları məmnunluqla qeyd edilib, yüksək səviyyədə tolerantlığın mövcudluğu bir nümunə kimi vurğulanıb.
Görüşdə, həmçinin Azərbaycan-ABŞ əlaqələrinə toxunularaq iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdirildiyi bildirilib.