Müharibədə qələbə qazanmış tərəf heç vaxt sülh təklif etmir, ancaq biz bu istiqamətdə addımlar atmışıq.
"Report" xəbər verir ki, bunu Azərbaycanın Xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi "Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə" mövzulu beynəlxalq konfransda deyib.
O qeyd edib ki, Azərbaycan sülhün prinsiplərini işləyib hazırlayıb:
"Azərbaycan və Ermənistan arasında sülh istiqamətində maneələrdən danışdıqda qeyd edilməlidir ki, 30 il Azərbaycan əraziləri Ermənistan işğalı altında olub. 2020 və 2023-cü illərdə ərazilərimiz işğaldan azad ediləndən sonra Ermənistana sülh barədə təkliflərimizi göndərmişik. Müharibədə qələbə qazanmış tərəf heç vaxt sülh təklif etmir, ancaq biz bu istiqamətdə addımlar atmışıq".
O bildirib ki, sülh müqaviləsinin imzalana bilməməsinin səbəblərindən biri masa arxasında Ermənistan nümayəndə heyətinin üzvlərinin fərqli mövqelərdən çıxış etməsidir:
"ABŞ, Rusiya, Qazaxıstanda sülh üçün danışıqlar aparılıb. Ancaq sülhün imzalanmasında maneə nədir ki, dayanıqlı sülh əldə olunmur? Birinci maneə Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının əks olunmasıdır. İkinci maneə isə Ermənistanın nümayəndələrinin fərqli mövqeləri müdafiə etmələridir".
E.Məmmədov onu da deyib ki, digər məsələ Ermənistanın Roma statutuna qoşulmasıdır. Eyni zamanda digər problemli məsələ onların Azərbaycan əleyhinə səslənən fikirləridir: "Əgər ölkələr sülh istəyirlərsə, razılığa gəlməlidirlər".