Azərbaycan və Türkiyə meşə yanğınlarının qarşısının alınması üzrə əməkdaşlığı müzakirə edib.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə K.Heydərov iki ölkənin liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birgə səyi və siyasi iradəsi sayəsində Azərbaycan və Türkiyə arasında hərtərəfli əlaqələrin ən yüksək səviyyəyə çataraq, strateji müttəfiqlik müstəvisində uğurla inkişaf etdiyini qeyd edib.
Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətlərindən, o cümlədən meşə yanğınları ilə mübarizə sahəsində görülən işlərdən ətraflı bəhs edən nazir Kəmaləddin Heydərov iki qurum arasında meşə yanğınlarının qarşısının alınması üzrə əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edib.
Türkiyəli nazir Azərbaycan və Türkiyə arasında mövcud strateji münasibətlər çərçivəsində Türkiyədə baş vermiş meşə yanğınları ilə əlaqədar Azərbaycan tərəfindən göstərilən yüksək dəstəyə görə təşəkkürünü bildirib. Rəhbərlik etdiyi qurumun əsas fəaliyyət istiqamətləri barədə geniş məlumat verən türkiyəli nazir müvafiq sahədə əlaqələrin inkişafı üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb.
Görüşdə qarşılıqı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.