“Dünən - fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanmış “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamənin bütün müddəaları Azərbaycanın milli maraqlarına tam uyğundur. Hətta bu sənədi Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə növbəti dəstək kimi də qiymətləndirmək olar”.
Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.
Onun sözlərinə görə, Moskva Bəyannaməsinin əsas fəlsəfəsi ölkələrin qarşılıqlı olaraq müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına hörmət nümayiş etdirərək münasibətlərin güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlikdir:
“Bu gün Azərbaycan və Rusiya arasındakı münasibətlər dinamik şəkildə inkişaf edir. İki ölkə arasında münasibətlərin daha da inkişafına həm də Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında mövcud olan etibarlı dostluq əlaqələri mühüm təsir edir. Təsadüfi deyil ki, Prezidentimizi 60 illik yubileyi ilə təbrik edən Prezident Vladimir Putin xüsusi olaraq vurğulamışdı ki, İlham Əliyevin əsas məqsədi xalqının, ölkəsinin yaxşı yaşamasıdır və buna çalışır, onunla mühüm məsələlərdə razılığa gəlmək çətin olsa belə, nədəsə razılığa gəlirsənsə, tam əmin ola bilərsən ki, vəd yerinə yetiriləcək. Əlbəttə, dövlət başçıları arasında bu cür səmimi və etibarlı münasibətlərin olması həm də xalqların sülh, təhlükəsizlik və firavan şəraitdə rahat yaşaması üçün zəruridir. Bu baxımdan da Moskva Bəyannaməsinin əhəmiyyətini yüksək qiymətləndirmək olar”.
Deputat bildirib ki, Moskva Bəyannaməsində ölkələrin müstəqilliyinin və ərazi bütövlüyünün tanınmasının xüsusi qeyd olunması regiondakı yeni düzən fonunda olduqca vacib məqamdır:
“Bəyannamədə hər iki ölkənin müstəqil xarici siyasət yürütməsi qeyd olunur və tərəflər bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürürlər. Sənəddə mühüm məqamlardan biri də 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, o cümlədən 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyinin vurğulanmasıdır. Son anlaşma 10 noyabr bəyannaməsinin yerinə yetirilməsi üçün yeni rıçaqlar verir və imkanlar yaradır. Bu isə Zəngəzur Dəhlizinin açılması kimi öhdəliklərin reallaşmasına növbəti dəstəkdir. Bu baxımdan da Rusiya ilə müttəfiqlik sahəsində qarşılıqlı əməkdaşlıq bəyannaməsinin imzalanması tarixi hadisədir”.
C.Osmanov qeyd edib ki, Moskva Bəyannaməsi heç bir halda Azərbaycanın qardaş Türkiyə və eləcə də digər müttəfiq dövlətlər ilə münasibətlərində hər hansı dəyişiklik anlamına gəlmir: “Ötən il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladıqları "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" artıq hər iki ölkənin parlamentləri tərəfindən ratifkasiya olunub. Bu sənəd iki qardaş ölkələr arasındakı müttəfiqlik münasibətlərini daha da dərinləşdirib və ölkəmiz bununla da öz təhlükəsizliyi üçün əlavə zəmanət qazanıb. Onu da qeyd edim ki, Azərbaycan həmişə türk dövlətləri ilə münasibətlərə mühüm önəm verir. 2021-ci ildə adı Türk Dövlətləri Təşkilatına dəyişdirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə Naxçıvan sazişinə əsasən təsis edilməsi Azərbaycanın öz milli kimliyinə, kökünə verdiyi önəmin bariz bir nümunəsidir”.
Deputat onu da vurğulayıb ki, bu gün Azərbaycan qalib ölkə kimi tam müstəqil siyasət yürüdür, regionda və dünyada öz siyasi əlaqələrini daha da genişləndirir, gücləndirir:
“Çoxşaxəli xarici siyasət gündəliyinə uyğun olaraq ölkəmizin Avropa İttifaqı ilə münasibətləri də yüksələn xəttlə inkişaf edir. Bu ilin mart ayında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək. Bundan əlavə ölkəmiz bu ilin birinci yarısında Avropa İttifaqı ilə ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir. Azərbaycanın NATO ilə münasibətləri də uğurla inkişaf edir. 2021-ci il dekabrında Prezident İlham ƏIiyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb. Bu il fevralın 15-də Yens Stoltenberq Prezident İlham Əliyevə zəng edib. Söhbət zamanı Y.Stoltenberq Avropanın etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə edib. Bütün bunlar bir daha sübut edir ki, müstəqil, öz milli maraqlarına əsaslanan çoxşaxəli siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsinə, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa və onu inkişaf etdirməyə imkan verir”.