Bakı. 11 oktyabr. REPORT.AZ/ Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev oktyabrın 12-dən 18-dək Monteneqronun Podqoritsa şəhərində səfərdə olacaq, ATƏT PA-nın seçki müşahidə missiyasının rəhbəri qismində bu ölkədə keçiriləcək parlament seçkilərini izləyəcək.
Milli Məclisin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azay Quliyev səfər çərçivəsində Monteneqronun dövlət və hökumət rəsmiləri, seçkilərdə iştirak edən siyasi partiyaların nümayəndələri, o cümlədən QHT və KİV təmsilçiləri ilə görüşlər keçirəcək, seçkiqabağı vəziyyətlə tanış olacaq.
Oktyabrın 16-da deputatımız seçki məntəqələrində səsvermənin gedişinə və seçicilərin fəallığına diqqət yetirəcək, səslərin hesablanması prosesini izləyəcək. Ertəsi gün Azay Quliyev seçkilərin yekununa dair ATƏT PA-nın seçki müşahidə missiyasının rəyini mətbuata təqdim edəcək.