MDB Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçiləri partiyaların seçki qərargahlarının nümayəndələri ilə Azərbaycanda növbədənkənar parlament seçkilərinə hazırlığı müzakirə ediblər.
Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşlər uzunmüddətli monitorinqlər çərçivəsində onlayn rejimdə keçirilib.
MDB Parlamentlərarası Assambleya Şurası Katibliyinin rəhbərinin müavini, Demokratiyanın İnkişafının Monitorinqi üzrə Beynəlxalq İnstitutun direktoru İvan Muşket tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, altıncı çağırış Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın dəvəti ilə MDB Parlamentlərarası Assambleyasının beynəlxalq müşahidəçiləri sentyabrın 1-nə təyin edilmiş parlament seçkilərinin monitorinqində iştirak edirlər.
İnstitutun direktoru bildirib ki, hazırda MDB PA-ya üzv dövlətlərin parlamentlərinin nümayəndələrindən, Assambleyanın rəsmilərindən və Demokratiyanın İnkişafının Monitorinqi üzrə Beynəlxalq İnstitutun ekspertlərindən ibarət müşahidəçilər qrupu yaradılır. Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin qrupun koordinatoru təyin edilib.
Müşahidəçilər hakim Yeni Azərbaycan Partiyasının (YAP) seçki qərargahının rəhbərliyi ilə seçkilərə hazırlığın gedişini müzakirə ediblər.
YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov müşahidəçilərə bildirib ki, partiya 125 seçki dairəsi üzrə namizədlər irəli sürüb. Partiya bütün seçki məntəqələrində işləyəcək müşahidəçilər təyin edib.
Müşahidəçilərin suallarını cavablandıran Tahir Budaqov qeyd edib ki, partiya tərəfindən irəli sürülən namizədlərin 30 faizi gənclərdir. O, partiya ilə Assambleyanın gənclərlə bağlı layihələrdə əməkdaşlığı inkişaf etdirəcəyinə ümidvar olduğunu bildirib.
MDB PA-nın beynəlxalq müşahidəçiləri Ədalət, Hüquq, Demokratiya Partiyasının rəhbərliyi ilə də görüşüblər.