MDB ölkələrinin hökumət başçıları Şuranın bugünkü iclasında nəqliyyat kompleksinin rəqəmsal transformasiyası sahəsində əməkdaşlıq barədə razılığa gəlib və bir sıra sazişlər imzalayıblar.
“Report”un Rusiya bürosunun məlumatına görə, iclasın gündəliyinə 10 bənd daxil edilib.
Hökumət başçıları MDB-də iqtisadi əməkdaşlığın aktual məsələləri barədə fikir mübadiləsi aparıb, həmçinin nəqliyyat kompleksinin rəqəmsal transformasiyası sahəsində əməkdaşlıq haqqında Memorandumu təsdiqləyiblər.
Sənəd bu sahədə əməkdaşlığın genişləndirilməsinə və dərinləşdirilməsinə, ilk növbədə rəqəmsal nəqliyyat infrastrukturunun qurulması üçün zəruri, kifayət qədər institusional və infrastruktur dəyişikliklərin yaradılmasına yönəlib.
Bundan əlavə, MDB hökumət başçıları mülki gəmiqayırma və gəmi avadanlığı istehsalının inkişafında əməkdaşlıq haqqında Saziş və penitensiar xidmətlər üçün kadrların hazırlanması haqqında Saziş imzalayıblar.
Birlik ölkələri, həmçinin yeraltı suların öyrənilməsi, istifadəsi, mühafizəsi və monitorinqi sahəsində əməkdaşlığı inkişaf etdirməyə razılaşdırıblar. Bu məqsədlə Şuranın iclasında 2030-cu ilədək olan dövr üçün müvafiq Proqram və onun həyata keçirilməsi üzrə Tədbirlər Planı təsdiq edilib.
Bununla yanaşı, iclas iştirakçıları 2025-2026-cı illər üçün humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər Planını qəbul ediblər. Sənəd 200-dən çox tədbiri əhatə edən 10 bölmədən ibarətdir. Plan MDB-də 2025-ci ildə Böyük Vətən müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş nasizmə qarşı mübarizədə "Sülh və Birlik İli"nin, eləcə də 2026-cı ildə "Sağlamlığın Mühafizəsi İli"nin qeyd edilməsini nəzərə alır.
Bundan əlavə, iclasda MDB iştirakçı dövlətləri arasında qarşılıqlı ticarətdə maneələr və Birlik orqanlarının fəaliyyətinin maliyyə təminatı ilə bağlı məsələlər müzakirə edilib.