Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev bugünkü Azərbaycanı yaradıb və ölkə indi onun əsasını qoyduğu yolla inkişaf edir.
“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, Rusiya Liberal Demokrat Partiyasının lideri Leonid Slutski deyib.
“Biz ənənəvi olaraq Azərbaycan xalqının dahi oğlu, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin doğum gününü qeyd edirik. O, həqiqətən çox işlər görüb. Elə bu yaxınlarda tikintisinin 50 illiyini qeyd etdiyimiz Baykal-Amur magistral xəttinin inşası birbaşa Heydər Əliyevin adı ilə bağlıdır”, - o bildirib.
Deputat vurğulayıb ki, Heydər Əliyev atasının vəsiyyətlərini yerinə yetirən oğlu, Azərbaycan Prezidenti İlham Əliyevlə fəxr edərdi: “İlham Əliyev Azərbaycanı firavan ölkələrdən birinə çevirib, yalnız azərbaycanlılar üçün deyil, mənim kimi qəlbində və ruhunda Azərbaycana sevgi olan hər kəs üçün yaralı yer olan Qarabağı, necə deyərlər, evinə qaytarıb”.
“Bu tarixi qələbənin əhəmiyyətini qiymətləndirməmək çətindir və bu gün Azərbaycan Qarabağı bərpa edir, yüksək texnologiyalardan istifadə edilməklə onlarla infrastruktur əhəmiyyətli layihə və proqramlar həyata keçirilir. Bir çox layihələr Rusiya ilə birlikdə həyata keçirilir və əməkdaşlığımız, qardaşlıq münasibətlərimiz ildən-ilə daha da güclənəcək”, - L.Slutski əlavə edib.