Kreml: "Yaxın gələcəkdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər"

Kreml: "Yaxın gələcəkdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər" Yaxın gələcəkdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq mümkündür.
Xarici siyasət
26 May , 2023 14:07
Kreml: Yaxın gələcəkdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər

"Yaxın gələcəkdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq mümkündür".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov mayın 26-da jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, buna baxmayaraq kimsə tələsmir: "Necə deyərlər, qaçan yerimiz yoxdur".

Mayın 25-də Moskvada keçirilən üçtərəfli görüşün sülh müqaviləsi öncəsi yekun danışıqlar olub-olmaması ilə bağlı sualı cavablandıran D.Peskov söyləyib: "Dünən Prezident Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında razılıq əldə olunub və Baş nazirin müavinlərinin görüşməsi barədə göstəriş verilib. Görüş gələn həftə Moskvada baş tutacaq. Onlar mövcud məsələləri cilalamalı, ətraflı müzakirə etməlidirlər”.

O, dövlət başçılarının məsələni həll etməklə bağlı müəyyən ortaq baxış bucağı nümayiş etdirdiklərini və buna görə də artıq işçi səviyyədə heç bir süni maneə yaradılmamalı olduğunu vurğulayıb.

"Qarşıya hər şeyi sona çatdırmaq vəzifəsi qoyulmayıb, çünki əsas olan yekun nəticədir. Necə deyərlər, qaçan yerimiz yoxdur. Məhz bu mülahizələri əsas götürərək hazırda heç kim sülh müqaviləsinin yekun tarixini proqnozlaşdıra bilməz. Lakin dünənki görüşdə də deyildiyi kimi, vəziyyət xeyli və faktiki olaraq konseptual şəkildə dəyişib. Bütün bu hallar yaxın gələcəkdə sülh müqaviləsi imzalamağa imkan verir”, - Rusiya Prezidentinin mətbuat katibi söyləyib.

Qeyd edək ki, mayın 25-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli zirvə görüşü olub.

Son xəbərlər

Orphus sistemi