Qərb Cənubi Qafqaz regionunda sülhün qarşısını almaq üçün Ermənistanı dəstəkləyir.
“Report” xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko jurnalistlərlə söhbətində deyib.
“ABŞ və Fransanın Ermənistana hərbi və hərbi-texniki dəstəyinə gəlincə, onlar öz milli maraqlarını müdafiə edirlər. Vaşinqton, Paris və Brüsselə sakit, dinc vəziyyətdə, sülh şəraitində olan Cənubi Qafqaz lazım deyil. Onlar Azərbaycana təsir rıçaqlarına malik olmaq istərdilər. Buna görə də Paşinyan rejimi bu gün kəşfiyyat, maddi-texniki və hərbi dəstək alır. Ümumi götürsək, Ermənistan gücləndirilir və bu, yalnız bir məqsəd – Cənubi Qafqazda sülh və əmin-amanlığın yaranmasının qarşısını almaq üçün edilir”, - o bildirib.
Politoloq vurğulayıb ki, bu regiondan mühüm nəqliyyat dəhlizləri keçir, üstəlik, bölgə enerji ehtiyatları ilə də zəngindir.
“Əslində, Ermənistan qeyri-sabitlik mənbəyi olan bir növ Troya atı rolunu oynasa, Qərb üçün yaxşı olardı. Unutmayaq ki, Paşinyan ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenlə və Avropa İttifaqının nümayəndələri ilə görüşəndə orada faktiki olaraq Qərbin Cənubi Qafqazın bütün digər dövlətlərinin zərərinə Ermənistanı dəstəkləyəcəyinə dair razılaşmalar əldə olunub”, - o qeyd edib.
Korotçenkonun sözlərinə görə, İkinci Qarabağ müharibəsində məğlubiyyətdən sonra Ermənistanın demilitarizasiyası ilə bağlı tələblər ədalətlidir, lakin reallıqları da nəzərə almaq lazımdır.
“Reallıqlar isə elədir ki, sülhün ən yaxşı təminatı sülh müqaviləsi olacaq. Lakin Ermənistan sülh müqaviləsi imzalamaq istəmir. Onlar tam razılaşdırılmamış bir sıra məqamları önə çəkərək bunun sülh müqaviləsini əvəz edəcəyini söyləməyə çalışırlar. Bundan əlavə, Ermənistan Azərbaycan ərazisinə birbaşa iddiaları özündə əks etdirən Konstitusiyasına dəyişiklik istəmir”, - Korotçenko bildirib.