Azərbaycan və Qətər arasında fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Qətər arasında fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq müzakirə edilib Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri ilə görüşüb.
Xarici siyasət
10 Dekabr , 2024 14:02
 Azərbaycan və Qətər arasında fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq müzakirə edilib

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Qətərin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri ilə görüşüb, iki ölkə arasında fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlıq müzakirə edilib.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Kəmaləddin Heydərov Prezident İlham Əliyevin rəhbərliyi ilə noyabr ayında Azərbaycanın uğurla ev sahibliyi etdiyi və tarixi nailiyyətlərlə yadda qalan COP29-da Qətər dövlətinin nümayəndə heyətinin iştirakını qeyd edib.

Azərbaycan və Qətər arasındakı münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulduğunu vurğulayan nazir K.Heydərov iki ölkə liderlərinin səyləri və siyasi uzaqgörənliyi sayəsində əlaqələrin sürətlə genişləndiyini xatırladıb. Bu çərçivədə 2016-cı ildə dövlət başçılarının qərarı ilə fəaliyyətə başlamış Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın uğurlu fəaliyyətinə toxunan nazir birgə komissiyanın həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Nazir Kəmaləddin Heydərov Azərbaycan və Qətər Dövlətinin fövqəladə hallarla mübarizə sahəsində uyğun qurumları arasında əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə edib, əlaqələrin genişləndirilməsi üçün mövcud potensialdan danışıb, 2014-cü ildə imzalanmış “Azərbaycan Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində görülən işlərə toxunub.

Səmimi görüşə görə təşəkkürünü bildirən Qətər Dövlətinin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri COP29 kimi qlobal əhəmiyyətli tədbirin Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunduğunu və uğurlu nəticələrin əldə edildiyini vurğulayıb.

Səfir iki ölkə arasında münasibətlərin daim genişləndiyini xatırladıb, bu çərçivədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində uyğun qurumlar arasında münasibətlərin dərinləşdirilməsinin qarşılıqlı faydasından danışıb. Səfir münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi