Kamran İmanov ÜƏMT Assambleyasında Azərbaycanın innovasiya strategiyasını açıqlayıb
- 08 iyul, 2026
- 12:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın innovasiya strategiyası Cenevrə şəhərində keçirilən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Assambleyalarının 68-ci sessiyasında təqdim olunub.
"Report" xəbər verir ki, tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti onlayn və fiziki formatlarda iştirak edir.
K.İmanov çıxışında Azərbaycanda əqli mülkiyyət sahəsinin inkişafının ölkənin sosial-iqtisadi İnkişaf Strategiyası, Rəqəmsal İnkişaf Konsepsiyası və 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasına uyğun olaraq həyata keçirildiyini bildirib.
Qeyd olunub ki, əqli mülkiyyətin getdikcə daha çox fənlərarası xarakter alması və innovasiya ekosisteminin inkişafına töhfə verməsi, ölkə Prezidenti tərəfindən həyata keçirilən institusional islahatlar Əqli Mülkiyyət Agentliyini inkişaf prosesinin əsas iştirakçılarından birinə çevirib.
Sədr Agentliyin strukturunu və fəaliyyətini seçilmiş 15 əqli mülkiyyət idarəsi sırasında təqdim etdiyinə və bunu "Gələcəyə baxan liderlərin Hesabatı"nda əks etdirdiyinə görə ÜƏMT Katibliyinə təşəkkürünü bildirib.
Hazırda Agentlikdə ÜƏMT-nın IPAS sistemi ilə inteqrasiya olunmuş, 24/7 onlayn qeydiyyat imkanına malik, 3D formatını, açıq reyestrləri, mobil platformaları və əlçatanlıq menyusunu özündə birləşdirən PƏNAH rəqəmsal sənaye mülkiyyəti platforması ilə yanaşı, rəqəmsal müəllif hüquqları platforması da uğurla fəaliyyət göstərir.
K.İmanov diqqətə çatdırıb ki, Agentlikdə məsləhətvermə funksiyalarına malik süni intellekt botu yaradılıb, həmçinin patentləşdirmə proseslərinin əsas mərhələlərinin avtomatlaşdırılması üçün Avrasiya Patent Təşkilatı ilə əməkdaşlıq çərçivəsində süni intellekt həlləri hazırlanıb.