İtaliya mediası Prezident İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırıb

İtaliya mediası Prezident İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırıb İtaliyanın aparıcı mətbu orqanları Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə işgüzar səfərini geniş işıqlandırıb.
Xarici siyasət
6 Sentyabr , 2024 10:10
İtaliya mediası Prezident İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırıb

İtaliyanın aparıcı mətbu orqanları Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə işgüzar səfərini geniş işıqlandırıb.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, “Agenzia Nova”, “Giornale Diplomatico”, “Agenpress”, “Il Sole 24 Ore”, “Askanews”, “Italpress”, “il Giornale”, “La Presse”, “Agenzia Vista”, “Quotidiano Nazionale”, “Tutt Oggi”, “Borsa Italiana” və digər kütləvi informasiya vasitələrində yayılan məlumatlarda Prezident İlham Əliyevin Romanın “Quirinale” Sarayında İtaliya Prezidenti Sercio Mattarella ilə görüşdüyü bildirilib. Diqqətə çatdırılıb ki, görüşdə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı və çoxşaxəli əməkdaşlığı ehtiva etdiyi vurğulanıb.

Bildirilir ki, İtaliya Avropada Azərbaycanın əsas ticarət tərəfdaşıdır, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. TAP layihəsinin Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynadığı qeyd olunur. Humanitar və mədəni əlaqələrin, eyni zamanda, İtaliya -Azərbaycan Universitetinin fəaliyyətinin əhəmiyyəti bildirilib.

Noyabrda Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un çox əhəmiyyətli tədbir olduğu və İtaliyanın beynəlxalq tədbirdə yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağı diqqətə çatdırılır.

Məlumatlarda Prezident İlham Əliyevin həmin gün Romanın “Chigi” Sarayında İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüş keçirdiyi bildirilib. Vurğulanıb ki, görüşdə İtaliya-Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyindəki məsələlərə dair ətraflı müzakirələr aparılıb, iki ölkə arasında yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin bütün sahələr üzrə inkişaf perspektivlərinə dair müzakirələr olub.

Yazılarda qeyd olunur ki, Prezident İlham Əliyevlə Ciorcia Meloninin görüşündə İtaliyanın və Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayan TAP boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması barədə fikir mübadiləsi aparılıb. ADA Universiteti ilə İtaliyanın beş universiteti arasında birgə layihə çərçivəsində yaradılan İtaliya-Azərbaycan Universitetinin xüsusi önəm daşıdığı qeyd olunub.

Diqqətə çatdırılıb ki, Ciorcia Meloni COP29-un uğurla keçirilməsi üçün İtaliyanın Azərbaycana bütün lazımi dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.

Yazılarda, həmçinin qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev Romada İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşüb, SOCAR ilə “Eni” arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi