İrina Qrimak: “Lvovda azərbaycanlılar yerli hakimiyyətin dəstəyini daim hiss edir”

İrina Qrimak: “Lvovda azərbaycanlılar yerli hakimiyyətin dəstəyini daim hiss edir” Lvov vilayət Radasının (yerli parlament) sədri İrina Qrimakın “Report”un Şərqi Avropa bürosuna müsahibəsi
Xarici siyasət
23 Oktyabr , 2021 11:58
İrina Qrimak: “Lvovda azərbaycanlılar yerli hakimiyyətin dəstəyini daim hiss edir”

Lvov vilayət Radasının (yerli parlament) sədri İrina Qrimakın “Report”un Şərqi Avropa bürosuna müsahibəsi

- Parlament ölkəsi olan Ukraynada təmsil etdiyiniz region aparıcı və strateji əhəmiyyətə malikdir. Bu baxımdan Vilayət Şurasının fəaliyyəti hansı səviyyədədir və xarici ölkələrlə, o cümlədən Azərbaycanla əməkdaşlıqda özünü nə dərəcədə doğruldur? Əməkdaşlıq üçün nə çatmır?

- İlk növbədə, geniş Azərbaycan auditoriyasına Ukrayna və Lvov vilayəti haqqında məlumat çatdırmaq imkanına görə sizə təşəkkürümü bildirmək, ölkənizə və Azərbaycan xalqına dərin hörmətimi vurğulamaq istəyirəm. Lvovla Bakı arasında 2,5 min kilometrdən çox məsafə olmasına baxmayaraq, ölkələrimizi və xalqlarımızı bir çox güclü dostluq və əməkdaşlıq telləri bağlayır, eləcə də onların taleyində bir-birimizi yaxşı başa düşməyimizə imkan verən paralellər və məqamlar tapmaq olar.

Lvov vilayəti Ukrayna dövlətçiliyi ənənələrinin qurulmasında həmişə əhəmiyyətli rol oynayıb və indi də oynamağa davam edir. Regionumuzun sakinlərinin səyləri sayəsində 2014-cü ildə dövlətimiz Avropa siyasi dəyərlərinin lehinə son strateji seçimi etməyi bacardı. Bu gün ölkə daxilində bu seçim artıq heç kim tərəfindən mübahisə edilmir, Ukraynanın Avropa cəmiyyətinin bir hissəsi olaraq inkişaf etmək istəyi isə Konstitusiyamızda və ölkəmizin qanunlarında əks olunur.

Ancaq real həyatda niyyət bəyannaməsi ilə onların praktik həyata keçirilməsi arasında çox vaxt çətin və mürəkkəb yol olur. Həqiqətən də müasir uğurlu ölkə olmaq üçün Ukrayna genişmiqyaslı islahatlar həyata keçirir. Ukrayna xalqı həmçinin ərazi bütövlüyü uğrunda barışmaz mübarizə aparır, çünki ölkəmizdə baş verən dəyişiklikləri heç də bütün qonşularımız bəyənmir.

Bütün çətinliklərə baxmayaraq, Ukraynanın dostlarının və tərəfdaşlarının beynəlxalq dəstəyi sayəsində ölkəmizdə islahatlar müsbət dinamika nümayiş etdirir. Belə tərəfdaşlar arasında Azərbaycanın adını çəkməkdən çox məmnunam.

Təəssüf ki, artıq ikinci ildir davam edən pandemiya bütün səviyyələrdə beynəlxalq əlaqələrin kəskin azalmasına səbəb olub. Ukrayna-Azərbaycan münasibətləri də istisna təşkil etməyib. Amma qeyri-ixtiyari fasilə bizə əvvəlki təcrübəmizi yenidən nəzərdən keçirməyə və regionun inkişafı üçün beynəlxalq əməkdaşlığın dəyərini anlamağa imkan verib.

- Lvov pandemiyanın ən çox təsir etdiyi regionlardan biridir, eyni zamanda, təbii resurslar və imkanlar baxımından zəngindir. Bu sahələri pandemiyanın sosial-iqtisadi təsirlərindən qorumaq üçün Vilayət Şurası tərəfindən hansı regional qanun layihələri qəbul edilib? Hazırda hansı məsələlər nəzərdən keçirilir?

- Lvov Vilayət Şurası pandemiyanın başlanğıcından bəri yalnız əhaliyə tibbi xidmət sisteminin inkişafını deyil, həm də koronavirusla əlaqədar çağırışlara cavab verməyə hazırlığı işində prioritet kimi müəyyənləşdirib. Vəziyyətin mürəkkəbliyi həm də onunla bağlı idi ki, Ukraynada o anda dövlət səviyyəsində səhiyyə islahatları tamamlanmamışdı. Buna görə də Vilayət şuraları regionlarda yerli özünü idarəetmənin ali orqanları olaraq dövlətə yardım etmək məcburiyyətində qaldı.

Lvov Vilayət Şurası bu il səhiyyə sistemini dəstəkləmək üçün xüsusi kompleks proqram hazırlayıb. Onun həyata keçirilməsi üçün əhəmiyyətli maliyyə mənbələri ayrılıb. Bu, xəstəxanaları ən qısa müddətdə hazırlamağımıza, onları lazımi avadanlıqlarla, dərmanlarla təchiz etməyimizə və xüsusi nəqliyyat vasitələrini modernləşdirməyimizə imkan verdi. Ümid edirəm ki, bu qışda Lvov vilayətinin səhiyyəsi pandemiya ilə mübarizəyə tam hazır olacaq.

Bizim üçün vacib olan digər çağırış pandemiyanın mənfi sosial-iqtisadi nəticələrini aradan qaldırmaq üçün insanlarımıza yardıma etməyə yönəlmiş tədbirlərin hazırlanması oldu. Lvov Vilayət Şurası əhalinin sosial cəhətdən həssas kateqoriyalarına dəstək verilməsinə yönəlmiş bir neçə proqram həyata keçirdi. Fəal vətəndaşlar və biznes üçün mütəmadi olaraq mikro və makro layihələr üzrə müsabiqələr keçiririk. Bu mexanizm bizə pandemiyanın yerlərdəki mənfi təsirini effektiv şəkildə aradan qaldırmağa yönəlmiş təşəbbüsləri seçib maliyyələşdirməyə imkan verir. Bölmələrimizeyni zamanda vilayətimizdə həyata keçirilən bütün təşəbbüslərə fəal məlumat, məsləhət və təhsil dəstəyi verir.

Beynəlxalq regional əməkdaşlığın intensivləşdirilməsinin zəruriliyinə ayrıca toxunmaq istərdim. İqtisadiyyatımıza qoyulan beynəlxalq sərmayələr pandemiyanın yaratdığı böhrandan çıxmaqda güclü faktordur. İcazənizlə fürsətdən istifadə edərək Azərbaycanın iş adamlarına müraciət edərək onları Lvov vilayətində layihələr həyata keçirməyə dəvət edirəm. Pandemiya ilə bağlı mənfi tendensiyalara baxmayaraq, keçən il regionumuzun 50-yə yaxın müəssisəsi məhsullarını Azərbaycana ixrac edib, Lvov vilayətində Azərbaycan kapitallı 12 şirkət, o cümlədən Dövlət Neft Şirkəti - SOCAR uğurla fəaliyyət göstərir. Ukrayna-Azərbaycan işgüzar əlaqələrinin inkişafına Lvovla Bakı arasında müntəzəm aviəlaqə də kömək edir.

- Ukraynanın ümumilikdə islahatlar prosesində olduğunu nəzərə alsaq, Vilayət Şurası Lvovdakı fəaliyyəti baxımından bu prosesdə necə iştirak edir?

- Ukraynanın regionları üçün ən əsas islahatlardan biri mərkəzdən kənarlaşma ilə bağlı desentralizasiya islahatıdır. Bu, yerli özünüidarəetmənin rolunu artırmağa, ərazi icmalarının potensialını və enerjisini açmağa və nəticədə ölkənin hər yerində insanların həyat keyfiyyəti standartlarını yüksəltməyə yönəldiyindən mahiyyəti baxımından çox düzgündür. Bu islahat Vilayət şuralarının rolunun dəyişməsinə səbəb oldu. Bu gün Vilayət Şurası təkcə regionlarda öz inkişaf strategiyasını formalaşdıran və həyata keçirilməsindən məsul olan əsas yerli özünüidarəetmə orqanı deyil, o həm də icmaların ahəngdar və balanslı şəkildə inkişaf etməsinə kömək etməli olan strukturdur. Lvov vilayətində desentralizasiya islahatı nəticəsində 73 icma yaradılıb. Lvov Vilayət Şurasının deputatları icmaların inkişafı problemlərini dərindən araşdırırlar, onlar qanunların təkmilləşdirilməsi məqsədi ilə parlament qarşısında, məsələn, vergitutma sisteminin təkmilləşdirilməsi və ya aqlomerasiyaların inkişafı üçün şərait yaradılması istiqamətində bir sıra vacib dəyişikliklər edilməsi təşəbbüsü ilə çıxış ediblər.

- Ukraynanın bir sıra vilayətlərində Vilayət Şuraları ölkənin strateji tərəfdaşı və yaxın dostu olan Azərbaycanın həqiqətləri ilə bağlı, habelə Azərbaycanı təmsil edən bu və ya digər abidənin qoyulması üzrə sənədlər qəbul ediblər. Sizin şurada belə sənədin müzakirəsi mümkündürmü?

- Lvov vilayəti uzun illərdir Azərbaycanın bir neçə regionu ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirir. Bizim kurort şəhərimiz Truskavets Azərbaycanın Quba şəhəri ilə dostluq edir. Lvov Dövlət Administrasiyası Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti ilə əməkdaşlıq edir. Pandemiyadan əvvəl fəal şəkildə nümayəndə heyətləri mübadiləsi aparırdıq. Bu yaz Vilayət Şurası Lvov vilayəti ilə Naxçıvan Muxtar Respublikası arasındakı tərəfdaşlığı daha da inkişaf etdirmək və dərinləşdirmək təşəbbüsü ilə Azərbaycanın Ukraynadakı səfirliyinə müraciət edib və indi qarşılıqlı səfərlərə və yeni ikitərəfli qarşılıqlı faydalı təşəbbüslərə hazırlaşırıq.

Düşünürəm ki, bütün bunlar şuramızın Azərbaycanla çoxşaxəli əməkdaşlığın inkişafı ilə bağlı konstruktiv mövqeyinin inandırıcı real nümunələridir. Lvov Vilayət Şurasının rəhbəri kimi bütün deputatların adından sizi əmin etmək istəyirəm ki, mədəniyyət və iqtisadiyyat sahələrində Ukrayna-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi və inkişaf etdirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə və onlara yardım etməyə hazırıq.

Eyni zamanda, diqqətinizə çatdırmaq istərdim ki, abidələrin qoyulması ilə bağlı konkret qərarlar yalnız abidələrin qoyulacağı ərazi icmalarının və yaşayış məntəqələrinin yerli şuraları tərəfindən verilir. Yerli şuraların qərarları kollegial xarakter daşıyır və regional şuranın onlara təsir etmək hüququ yoxdur.

- Faktlarla sadalasaq, etnik cəhətdən zəngin Ukraynanın Lvov vilayətində seçkili orqanlarda, xüsusən də sizin şurada və ya yerli şuralarda etnik azlıqların təmsilçiliyi qənaətbəxşdirmi? Məsələn, müəyyən ölkələrdə fəal olan azərbaycanlıların Ukraynanın seçkili orqanlarında zəif təmsilçiliyi ictimai qınağa səbəb olur. Sizcə, səbəb nədir? Yerli seçki orqanlarınızda azərbaycanlıların təmsilçiliyi hansı səviyyədədir?

- Mənə elə gəlir ki, sualınızda səslənən problem uydurmadır, reallığı təhrif edir. Təqribən, 2,5 milyon əhalisi olan Lvov vilayətində, təxminən, min nəfərə yaxın, yığcam, lakin fəal Azərbaycan diasporu yaşayır. Onların arasında tanınmış və hörmətli insanlar - həkimlər, alimlər, müəllimlər, kommunal qurumlarının rəhbərləri, idmançılar, eləcə də iş adamları və hətta siyasətçilər var. Lvov vilayətindəki Azərbaycan diasporu öz rəsmi təşkilatının olmamasına baxmayaraq, mədəni və mənəvi inkişafla bağlı bütün hüquqlardan, həmçinin yerli hakimiyyət orqanlarının dəstəyindən istifadə edir.

Məsələn, Azərbaycan mədəniyyəti və adət-ənənələri hər il keçirilən regional Etnovir festivalının proqramlarında mütləq təmsil olunur. Azərbaycanlı ifaçılar və müğənnilər beynəlxalq “Kontrastlar” müasir musiqi festivalının qonaqları və iştirakçıları idilər, rəssamlar beynəlxalq Paracanov festivalına qatılmaq üçün Ukraynaya gəlirlər. 2018-ci ildən Truskavetsdə “Müslüm Maqomayevin xatirəsinə” beynəlxalq vokal müsabiqəsi keçirilir. Azərbaycanın opera ulduzları mütəmadi olaraq Lvov Opera Teatrının səhnəsində çıxış edirlər.

Şübhəsiz ki, ölkəmizin vətəndaşları olan etnik azərbaycanlılar istəkləri və ehtiyacları olduğu halda Ukraynada fəaliyyət göstərən siyasi partiyaların komandalarında bütün səviyyələrdə yerli özünüidarəetmənin inkişafında fəal iştirak edə bilərlər və iştirak da edirlər. Çünki bu günetnik mənşəyindən asılı olmayaraq bütün Ukrayna vətəndaşları çətinliklərə baxmayaraq gələcəyinə inamla baxan böyük müasir siyasi Ukrayna millətinin üzvləridir.

Fürsətdən istifadə edərək, bizi oxuyan hər kəsi Lvov vilayətinə səfərə dəvət etmək istərdim. Bura çox mənzərəli, mədəni və tarixi cəhətdən zəngin diyardır. Buranın gözəl mənzərələri, gözəl Karpat dağları, inanılmaz dağ çayları və şəlalələri, qədim qəsrləri, milli parkları və qoruqlarıolan möhtəşəm təbiəti, gözəl kurortları – Truskavets, Sxodnitsa, Morşin var. Üstəlik, regionumuz qonaqpərvər insanları, ləzzətli yeməkləri və gözəl memarlığı ilə məşhurdur. Lvov vilayətinə və Lvova gəlin!

Son xəbərlər

Orphus sistemi