"Mən 2003-cü ildən danışıqlar prosesində iştirak etmişəm. Ermənistanın 3 lideri ilə danışıqlar aparmışam və sizə deyə bilərəm ki, bu, dünyada aparılmış istənilən növ danışıqlarda çox mənfi təcrübə idi. Çünki uzun illər davam edən bu mənasız danışıqlardan sonra biz açıq-aydın dərk etdik ki, Ermənistan sülh istəmir. Onlar status-kvonu dəyişməz saxlamaq istəyirdilər. Onlar bizim torpaqlarımızı əbədi işğal altında saxlamaq istəyirdilər və onların danışıqlarda iştirakı bir növ danışıqlar prosesinin imitasiyası idi".
"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev iyunun 25-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borelin mandatı əsasında Azərbaycana səfər edən Rumıniyanın xarici işlər naziri Boqdan Aureskunu, Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqi, Litvanın xarici işlər naziri Qabrielius Landsbergisi və Avropa İttifaqının nümayəndə heyətini qəbul edərkən deyib.
"Onlar beynəlxalq və Avropa təşkilatlarını çaşdırmağa çalışırdılar ki, onlar həll istəyirlər, Azərbaycan isə konstruktiv deyil. Son vaxtlar baş verənlər isə çox sayda təxribatçı addımlar atmış, əməllər törətmiş və müharibəyə təhrik etmiş Ermənistan hökumətinin məsuliyyətidir. Mənim mövqeyimi sübut edə bilən çox sayda dəlil var. Mən sizə cəmi bir neçə nümunə göstərəcəyəm. Ermənistanın müdafiə naziri ictimai şəkildə bəyan etdi ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır. Bu, Azərbaycana qarşı açıq təhdid idi. Ermənistanın baş naziri bildirdi ki, Dağlıq Qarabağın qondarma rəhbərliyi danışıqlarda iştirak etməlidir. Bu, əslində, təkcə bizim maraqlarımıza qarşı deyildi, həm də ATƏT-in Minsk qrupu və onun həmsədrlərinin işləyib hazırladığı formata qarşı idi. Bu səbəbdən də bu mövqe ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini də, yumşaq desək, bir qədər təəccübləndirmişdi. Onlar obyektiv olaraq bunu danışıqlar prosesindən çıxmaq cəhdi hesab etmişdilər. Çünki danışıqların formatı iki ölkə və ATƏT tərəfindən yaradılmışdı: Ermənistanla Azərbaycan arasında olan münaqişə.
Ermənistan rəhbərliyinin daha bir təxribatçı bəyanatı o idi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bu da faktiki olaraq istənilən danışıqlara son qoydu. Birincisi, bu, çox ziddiyyətli bəyanat idi, çünki bir tərəfdən Ermənistan rəhbərliyi deyirdi ki, Qarabağ müstəqil ölkədir və Azərbaycan onunla danışıqlar aparmalıdır. Sonra da deyirdilər ki, Qarabağ Ermənistandır. Biz onlardan bunlardan hansının həqiqət olduğunu soruşduq. Əslində, onlar hər iki halda yalan danışırdılar. Lakin bu, istənilən danışıqları lazımsız və mənasız edən çox təxribatçı bəyanat idi. Minsk qrupu ölkələrinin səfirləri ilə görüşlərimdə mən görürdüm ki, bu mövqe onları da bir qədər çaşdırır və təəccübləndirir və əslində, onlar nə edəcəklərini bilmirlər. Əgər Qarabağ Ermənistandırsa, onda bu barədə nə danışmaq olar? Bu, danışıqlar prosesini tamamilə məhv etmək və torpaqları əbədi işğal altında saxlamaq üçün Ermənistan rəhbərliyinin məqsədli cəhdi idi.
Lakin bu, hələ hamısı deyil. Ötən il onlar təmas xəttində və bizim dövlət sərhədində üç təxribatçı hərbi əməl törədərək mülki şəxsləri qətlə yetirdilər, kəndlərimizi bombaladılar və bizi təhrik etdilər. Beləliklə, İkinci Qarabağ müharibəsi qaçılmaz idi və bu, hər kəs üçün aydın idi", - dövlət başçısı bildirib.