“Azərbaycan və Litva əməkdaşlığın prioritetlərini müəyyən ediblər”.
“Report”un Vilnüsə ezam olunan müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Vilnüsdə Litva-Azərbaycan biznes forumunun açılışında deyib.
Onun sözlərinə görə, prioritetlər iki həftə əvvəl keçirilən hökumətlərarası komissiyanın iclasında müəyyən edilib.
“İl ərzində ikinci biznes forumunun keçirilməsi Azərbaycan və Litvanın iki ölkənin işgüzar dairələri arasında təmaslara verdiyi böyük önəmi nümayiş etdirir. Litva Prezidenti ilə əməkdaşlığımız üçün möhkəm zəmin yaratmışıq və fəal siyasi dialoq qurmuşuq”, - dövlət başçısı vurğulayıb.
Azərbaycan Prezidenti xatırladıb ki, ötən ilin mayında Bakıda, bu ilin yanvarında Davosda və bu gün Vilnüsdə Litva Prezidenti ilə ikitərəfli görüşlər keçirib: “Bu, həqiqətən də münasibətlərimizin dinamik inkişafını göstərir. Biznes ictimaiyyətini səmərəli əməkdaşlığa cəlb etməyin vaxtı çatıb”.
Prezident İlham Əliyev əlavə edib ki, iki ölkənin planları haqqında məlumat mübadiləsi çox vacibdir. O, bugünkü biznes forum zamanı iki ölkədə hansı layihələrin həyata keçiriləcəyi, Azərbaycan və Litvanın işgüzar dairələrinin bu işdə necə iştirak edə biləcəyi ilə bağlı müzakirələr aparılacağına əminliyini ifadə edib.