İslamabadda Novruz şənliyi keçirilib

İslamabadda Novruz şənliyi keçirilib Bakı. 14 mart. REPORT.AZ/ Azərbaycanın Pakistandakı hərbi attaşe aparatı İslamabad şəhərindəki Serena otelində Novruz şənliyi təşkil edib.
Xarici siyasət
14 Mart , 2018 19:34
İslamabadda Novruz şənliyi keçirilib

Bakı. 14 mart. REPORT.AZ/ Azərbaycanın Pakistandakı hərbi attaşe aparatı İslamabad şəhərindəki Serena otelində Novruz şənliyi təşkil edib.

"Report" xəbər verir ki, tədbirdə Pakistan Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri, bu ölkədə akkreditə olunmuş hərbi attaşelərin xanımları, ictimai işdə fəal olan qadınlar, eləcə də Pakistanda yaşayan azərbaycanlı xanımlar iştirak ediblər. Qonaqlara Azərbaycanın milli qadın geyimləri nümayiş etdirilib, Novruz bayramının adət-ənənələri barədə məlumat verilib.

İştirakçılar Azərbaycanın milli mətbəxinə aid yeməklərə qonaq edilib, onların hazırlanması qaydaları haqqında məlumat verilib.

Xanım qonaqlar Novruz ənənələrinə uyğun boyanmış yumurta döyüşdürüb, qaliblərə Azərbaycanın milli suvenirləri verilib. Xanımlar milli rəqslərimizi ifa edib, yallı gediblər.

Tədbirin keçirildiyi salon Novruz bayramının ənənələrinə uyğun olaraq səməni, xonça, Azərbaycan xalçası və digər milli əşyalar, suvenirlərlə bəzədilib, Azərbaycanın turizm potensialını özündə əks etdirən videoçarxlar nümayiş olunub və milli musiqimiz səslənib.

Sonda hər bir xanım iştirakçıya Azərbaycanın milli suvenirləri təqdim edilib.

Son xəbərlər

Orphus sistemi