Hikmət Hacıyev: Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur

Xarici siyasət
  • 14 iyun, 2025
  • 12:28
Hikmət Hacıyev: Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur
Hikmət Hacıyev

Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Strateji Keçid?” mövzusunda keçirilən paneldə danışıb.

O, Azərbaycanın Orta Dəhlizlə bağlı baxışından və onu necə gördüyündən söz açaraq bildirib ki, hər şeydən əvvəl yol Azərbaycan üçün bir mədəniyyət və sivilizasiya anlamındadır:

“Azərbaycan tarixən qədim İpək Yolunda yerləşib və sivilizasiyaların dialoquna töhfə verib. İkinci komponent coğrafiyadır. Biz şərq-qərb və həmçinin şimal-cənub yollarının kəsişməsində yerləşirik. Lakin Azərbaycan müstəqillik əldə etdikdən sonra başa düşdük ki, bu iki komponent vacib olsa da, kifayət deyil.

Biz coğrafiyamızı və tarixi təcrübəmizi yeni imkanlara çevirməli idik, həmçinin Azərbaycanın dünya okeanına çıxışı olmayan ölkə olduğunu nəzərə alaraq, bunu quru bağlantılarına çevirməyə çalışdıq. Bununla da Azərbaycanın əlaqələndirici xətlərinin qurulmasına və Şərq-Qərb dəhlizinin yaradılmasına başlanıldı”.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan bu prosesə beş və ya altı mühüm parametrə əsaslanaraq başlayıb:

“Bu marşrut bizim üçün sadəcə, yükü A nöqtəsindən B nöqtəsinə çatdırmaq imkanı deyil. İlk olaraq biz enerji əlaqələndiriciliyinə və enerji dəhlizinin yaradılmasına başladıq. Bu, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Supsa idi ki, Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirdi.

İkinci komponent avtomobil yolları və quru marşrutlarıdır. Biz üzərimizə düşəni etdik - avtomobil yollarımızı və magistrallarımızı qurduq. Lakin bəllidir ki, avtomobil yolları ilə magistrallarının olması kifayət deyil - qonşu ölkələrlə də əlaqə qurulumalıdır.

Üçüncü komponent isə dəniz marşrutu haqqındadır. Bu yolla biz Xəzər dənizini Mərkəzi Asiyadakı tərəfdaşlarla birləşdirdik, Xəzər dənizinin ayırıcı deyil, birləşdirici faktor olduğunu önə çəkdik. Əvvəl üç, indi isə dörd - Xəzər, Qara, Aralıq və Adriatik dənizləri ilə əlaqəmiz yaranır”.

Daha bir komponent var ki, biz bunu hava ipək yolu adlandırırıq, bu, Azərbaycanın havadan yük daşıma imkanlarını qurmaq deməkdir. Hazırda Azərbaycan 9 hava limanına malikdir. Hazırda Azərbaycan bölgənin ən böyük hava donanmalarından birinə sahibdir”.

Prezidentin köməkçisi bəyan edib ki, indi Azərbaycan digər mühüm komponentlər üzərində də işləyir:

“Son iki mühüm komponentdən biri Rəqəmsal İpək Yoludur, biz Qazaxıstandakı tərəfdaşlarımızla Xəzər dənizi vasitəsilə Avrasiya qitəsi boyunca yeni yüksək sürətli internet bağlantısı qururuq. Sonuncu əhəmiyyətli komponent isə bərpa olunan enerji dəhlizidir. Hazırda biz bu istiqamətdə işləyirik”.

Son xəbərlər

Bütün Xəbər Lenti