Gürcüstanın Acarıstan bölgəsinin Xelvaçauri rayonunda keçmiş hərbi baza ərazisində aparılan qazıntılar zamanı yeni kütləvi məzarlıq aşkarlanıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Acarıstan” telekanalı məlumat yayıb.
Sayca altıncı məzarlıqda 1930-cu illərdə sovet dövrünün repressiyaları zamanı güllələnən 29 insanın qalıqları tapılıb. Repressiya qurbanlarının cins və yaşını müəyyən etmək üçün DNT analizlər aparılacaq.
Ekspedisiya iştirakçısı Eter Maxaradze bildirib ki, güllələnənlərin hamısının əlləri arxadan bağlanıb və baş nahiyələrində güllə izləri var. Mütəxəssis qeyd edib ki, qalıqlar aşkarlandığı yerdə yenidən dəfn olunacaq və ərazidə muzey tikiləcək.
Araşdırmalar zamanı indiyədək tapılan qalıqlardan birinin 1869-cu il təvəllüdlü Ələkbərov Hüseyn Ələkbər oğluna məxsus olduğu müəyyən edilib. Acarıstanın Daxili İşlər Nazirliyinin arxiv sənədinə əsasən, o, 1938-ci il martın 11-də güllələnib.
Qeyd edək ki, qazıntı işləri 2016-cı ildən aparılır. Prosesdə Polşadan dəvət olunan alimlər də iştirak edirlər. Ehtimal olunur ki, keçmiş hərbi baza ərazisində hələ aşkarlanmamış çox sayda kütləvi məzarlıqlar qalmaqdadır.