"Azərbaycan nəinki Qafqazda, eləcə də dünyada çox müdrik siyasət aparır".
Bu sözləri "Report"un yerli bürosuna açıqlamasında gürcü politoloq Levan Mamaladze deyib.
Politoloq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev illərdir qalan Qarabağ problemini həll etdi:
"Problem birdəfəlik həllini tapdı. Bundan sonra heç bir üçüncü ölkə problemi yenidən qabarda bilməyəcək. Bunun üçün də Azərbaycan tərəfi çalışır ki, Ermənistanla sülh müqaviləsi imzalansın. Və gələcəkdə hansısa ölkələr bu məsələdən istifadə edib yeni münaqişə ocaqları yaratmasınlar. Sülh müqaviləsinin imzalanması istiqamətində çox mühüm addımlar atılıb, vacib işlər görülüb. Ermənistan tərəfi anlayıb ki, heç bir gərgin münasibət xeyir gətirməyəcək. Məhz bu səbəbdən Azərbaycan başda olmaqla qonşu ölkələrlə münasibətləri düzəltməyə can atırlar".
L.Mamaladzenin sözlərinə görə, Azərbaycan hazırda Qafqazda söz sahibidir:
"İlham Əliyev bizə ərazi bütövlüyünü necə bərpa etməyi, qonşu ölkələrlə münasibətləri necə qurmağı öyrədir. Çalışır ki, region ölkələri iqtisadi əlaqələri doğru istiqamətdə inkişaf etdirməklə daha da güclü olsun. Məhz onun müdrik siyasəti nəticəsində Azərbaycanın beynəlxalq arenada hörməti getdikcə artır. Buna sübut kimi Avropa İttifaqı nümayəndələrinin, ABŞ rəsmilərinin Azərbaycana səfərinin şahidi oluruq. Azərbaycan çox mühim uğurlara imza atıb.
Əvvəllər neft ixrac edən ölkə kimi dünyada tanınırdısa, indi regionun lideri kimi Avropa, Qərb, Şərq və okeanın o tayı üçün mühüm tərəfdaş rolunda çıxış edir. Gürcüstan da Azərbaycanla birgə layihələrə imza ataraq əhəmiyyətli irəliləyişlər əldə edə bilər. Düşünürəm ki, Azərbaycanla Gürcüstan arasında olan əlaqələr daha da güclənir".