"Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin 420 nəfər şəxsi heyəti artıq Adana şəhərinə çatıb".
"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov deyib.
"İlkin olaraq xilasetmə qrupu artıq Adana şəhərindədir. Türkiyədə baş vermiş zəlzələnin nəticələrini aradan qaldırmaq üçün hazırda hadisə yerinə yola düşürük. Orada baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri qardaş Türkiyənin son dəqiqəsinə qədər yanında olacaq. FHN əməkdaşları olaraq sonacan Türkiyədə fəaliyyət göstərəcəyik", - general-mayor vurğulayıb.