"Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi böyük layihələr, Zəngəzur dəhlizinin açılması ilə yaranacaq yeni reallıqlar bir daha təsdiq edir ki, Azərbaycan-Türkiyə qardaşlığı regionda sabitliyin əsas təminatıdır".
"Report"un Naxçıvan bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Bir millət, iki dövlət" Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün ortaq kök, dil və din birliyi ilə yanaşı, qarşılıqlı maraqlara xidmət edən ikitərəfli siyasi münasibətlər və strateji tərəfdaşlıq da ölkələrimiz arasındakı əlaqələrin mahiyyətini tam ifadə edir.
"Hazırda Azərbaycan-Türkiyə əməkdaşlığı ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq yeni inkişaf mərhələsindədir. Qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır, bütün sahələrdə əlaqələr uğurla inkişaf etdirilir. Bunların davamı kimi ötən ay - sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla Naxçıvanda görüşməsi, Iğdır-Naxçıvan Qaz Kəmərinin təməlinin qoyulması və həyata keçirilən digər tədbirlər də mühüm tarixi hadisəyə çevrildi", - F.Nəcəfli vurğulayıb.