Niderland Azərbaycan iqtisadiyyatının şaxələnməsinə dəstək vermək üçün zəruri təcrübə və vasitələrə malikdir.
“Report” “Diplomat”a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Niderlanddakı səfiri Fikrət Axundovun iki ölkə arasında diplomatik münasibətlərinin 30 illiyi münasibətilə dərc edilən məqaləsində bildirilir.
“Azərbaycan kənd təsərrüfatında, su ehtiyatlarının idarəçiliyində niderlandlı müxətəssislərin təcrübəsindən geniş bəhrələnib. 2016-cı ildə ölkə Prezident İlham Əliyevin imzaladığı fərmanda qeyri-neft sektorunda başlıca vəzifələri və yol xəritəsini müəyyənləşdirib. Bu baxımdan ətraf mühitin mühafizəsi və yaşıl enerji məsələləri əməkdaşlığın əsas istiqamətlərindəndir. Qeyd edilən sahələr ikitərəfli iqtisadi əlaqələrin inkişafı baxımdan əlverişlidir. Məsələn, Niderland şirkətləri Cənubi Qafqazın ən böyük dəniz limanı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanında ("Port Baku") logistika səhəsində çalışır. "Port Baku"nun planlaşdırılması, layihələndirilməsi və inşasını Niderland şirkətləri həyata keçirir”, - müəllif qeyd edir.
Məqaladə 2020-ci il iki ölkə arasında ticarət dövriyyəsinin 104 milyon ABŞ dolları həddinə çatması Azərbaycanla Niderland arasında əməkdaşlığın və qarşılıqlı marağın yüksək səviyyəyə çatması kimi səciyyələndirilir. Belə ki, hazırda Azərbaycanda Niderlandın 50 müxtəlif təmayüllü şirkəti fəaliyyət göstərir.
Ümumilikdə yazıda Azərbaycanın Niderlandı həm iki, həm də çoxtərəfli formatda müttəfiq və etibarlı tərəfdaş kimi gördüyü diqqətə çatdırılıb.