Bu gün Qərb mediası fəal şəkildə ikili standartlar siyasəti yürüdür.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev "Cənubi Qafqaz - Yaxın Şərq regionu: geosiyasət və əməkdaşlıq" adlı hesabatın təqdimatı zamanı bildirib.
Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan bir sıra problemlərlə, o cümlədən Qərb jurnalistləri tərəfindən Qarabağdakı vəziyyətin qərəzli işıqlandırılması ilə üzləşib: “Lakin Azərbaycan sülhə nail olmağa çalışır”.
F.Şəfiyev eyni zamanda vurğulayıb ki, Səudiyyə Ərəbistanı həm işğal illərində, həm də ondan sonra Azərbaycana dəstək verən ölkələrdən biri olub.
O bildirib ki, oxşar qərəzli yanaşmanı Səudiyyə Ərəbistanına qarşı da müşahidə etmək olar: “ABŞ və Böyük Britaniya hazırda husilərə qarşı mübarizə aparır, lakin Səudiyyə Ərəbistanı bu mübarizəni apardıqda tənqid edilib”.
Qeyd edək ki, təqdimat Səudiyyə Ərəbistanının Milli Müdafiə Universiteti və Komanda-Qərargah akademiyasının rəhbəri Abdulelah Mohammed Hamdanın başçılığı ilə professor-müəllimlərdən ibarət heyət üçün keçirilib.