"Fars rejimi çox yaxşı bilir ki, onun qənimi məhz zülm altında olan 35 milyon Güney Azərbaycan türk milləti olacaq".
Bu sözləri "Report"a açıqlamasında ekspert, Güney azərbaycanlı mühacir Babək Çələbyanlı deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlılarla bağlı səsləndirdiyi fikirlər tarixi önəmə sahibdir:
"İran fars rejimi hazırda ölkədə baş verən anti-rejim xalq hərəkatını basdırmaq üçün kiçikçaplı bir xarici toqquşma axtarır. İranda baş verən xalq hərəkatı onu olduqca qorxuya salıb. Belə ki, polis və güc qurumları insanları həqiqi mərmi ilə hədəf alırlar. Günümüz etibarilə yüzlərlə insan canından olub və onminlərlə aksiya iştirakçısı həbs edilərək işgəncələrə məruz qalıb.
Bu etirazlarda azərbaycanlıların aktiv iştirakı rejimi qorxuya salıb. İranın Araz boyunca hərbi təlimlərə başlamasını Güney Azərbaycanın müstəqil olmaq ehtimalına qarşı hərəkətə keçməsi və eyni zamanda Azərbaycana gözdağı vermək istəyi kimi dəyərləndirilə bilər. Bununla İran həmçinin xalqı manipulyasiya etməyə çalışır ki, əgər etirazlar davam edərsə, İran parçalana bilər".
Ekspert Azərbaycanın hər zaman İranın ən böyük qorxusu olduğunu vurğulayıb. O, İranın Ermənistanla dostluq və qardaşlıq münasibətlərindən də söz açaraq bildirib ki, bu münasibətlərin nümayişkaranə göstərilməsi də anti-Azərbaycan siyasətinin bir nümunəsidir.
Bu ölkənin illər boyu din pərdəsi altında gizlənsə də, Ermənistana dəstək verdiyinə xüsusi diqqət çəkən B.Çələbyanlı həmçinin qeyd edib ki, 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan Ordusunun zəfəri İranın canına vəlvələ salıb:
"Fars rejimi çox yaxşı bilir ki, onun qənimi məhz zülm altında olan 35 milyon Güney Azərbaycan Türk milləti olacaq. Ali Baş Komandan İlham Əliyevin sözügedən görüşdəki tarixi çıxışı bütün Güney Azərbaycanı sevindirdi".