Dmitro Nahornı: "Ukraynaya kiberhücumlar Qafqaz üçün də təhlükə siqnalıdır"

İKT
  • 19 noyabr, 2026
  • 14:04
Dmitro Nahornı: Ukraynaya kiberhücumlar Qafqaz üçün də təhlükə siqnalıdır

Ukraynaya kiberhücumlar Qafqaz üçün də təhlükə siqnalıdır.

"Report" xəbər verir ki, bunu Ukrayna Xüsusi Rabitə və İnformasiya Mühafizəsi Dövlət Xidməti Administrasiyasının Kibertəhlükəsizlik Departamentinin baş mütəxəssisi Dmitro Nahornı Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransı çərçivəsində panel müzakirələrdə (ICCD 2026) deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi həm də milli rəqəmsal dayanıqlılıq üçün ən böyük sınağa çevrilib: "Bu ölkənin Ukraynaya qarşı tətbiq etdiyi hibrid müharibə üsulları, o cümlədən enerji şəbəkələrinə, elektron kommunikasiya sistemlərinə və dövlət infrastrukturuna hücumları Avropanın, Qafqaz regionunun və bütövlükdə sivil dünyanın təhlükəsizliyi üçün birbaşa təhdid yaradır. Bu qlobal qarşıdurmada Ukraynanın təcrübəsi artıq sırf yerli hadisə çərçivəsini aşır. Həmin təcrübə demokratik dövlətin kritik infrastrukturunu necə qorumalı olduğunu, daimi hərbi və kiber təzyiq şəraitində həyati əhəmiyyətli xidmətlərin fasiləsiz göstərilməsini necə təmin etməli olduğunu nümayiş etdirərək yeni qlobal standart formalaşdırır".

Ukraynalı mütəxəssis deyib ki, 2022-ci ildə Rusiyanın tammiqyaslı işğalına qədər Ukrayna qanunvericiliyi dövlət informasiya ehtiyatlarının yalnız ölkə daxilində saxlanılmasını tələb edirdi: "Lakin raket zərbələri nəticəsində məlumat mərkəzlərinin fiziki məhv edilməsi təhlükəsi yarandıqdan sonra Ukrayna qanunvericiliyinə təcili dəyişikliklər edilib. Bu dəyişikliklər kritik reyestrlərin, bank məlumatlarının və dövlət sistemlərinin fiziki olaraq ölkə xaricində yerləşən bulud saxlama mühitlərinə köçürülməsinə imkan yaradıb. Beləliklə, məlumatların yalnız ölkə daxilində saxlanılması vahid uğursuzluq nöqtəsi yaradır. Fiziki məhv təhlükəsinin mövcud olduğu ərazilərdən kənarda yerləşən paylanmış bulud həlləri isə dövlət xidmətlərinin və qurumlarının fəaliyyətini davam etdirməsi, başqa sözlə, dövlətin rəqəmsal dayanıqlılığının qorunması üçün fundamental şərtə çevrilir".

44 filmi