Paşinyanın yeni mesajları - Ermənistan regional reallıqları qəbul edir
- 19 noyabr, 2026
- 13:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 18-də parlamentdə səsləndirdiyi fikirlər və verdiyi açıqlamalar İrəvan-Bakı münasibətlərində növbəti mərhələyə keçidə işarə edir. Bu fikirlər sübut edir ki, Ermənistan rəhbərliyi artıq dəyişən regional və geosiyasi reallıqlara uyğunlaşmaq, uzun illər davam edən qarşıdurmanın siyasi və iqtisadi nəticələrindən çıxmaq, özünütəcrid siyasətindən uzaqlaşmaq, yenilənən dünya nizamında və münasibətlər sistemində özünə yer tapmaq istəyir. Bunun isə yolu Azərbaycanla sülh müqaviləsini imzalamaqdan, münasibətləri normallaşdırmaqdan, qarşılıqlı iqtisadi əlaqələr qurmaqdan keçir. Məhz bu məqsədlə Nikol Paşinyan yeni Konstitusiya, TRİPP layihəsinin həyata keçirilməsi, sərhədlərin delimitasiyası, Azərbaycanla sülhün vacibliyi, Qarabağ məsələsinin siyasi gündəlikdən çıxarılması kimi açıqlamalar verib. Qısacası, Paşinyan etiraf edib ki, Ermənistan Azərbaycanla münasibətləri əvvəlki münaqişə məntiqi üzərindən davam etdirə bilməz. Bu, İrəvanın yaxın gələcəkdə bir dövlət kimi mövcudluğunu sual altına qoya bilər.
Sülh sazişi
Nikol Paşinyanın səsləndirdiyi açıqlamalar arasında ən mühümü sülh sazişini imzalamağın zəruriliyini açıq şəkildə müdafiə etməsidir. Bir neçə gündür erməni müxalifəti parlamentdə sülh sənədinə qarşı çıxaraq, ona etiraz edir. Paşinyan isə sülh sazişini imzalamağın Ermənistan üçün həyati əhəmiyyəti olduğunu müdafiə edərək, sülhün əldə edilməsinin əhəmiyyətindən danışıb: "Mən İlham Əliyevlə sənəd imzalamalıyam. Artıq birini imzalamışam (artıq imzalanmış Vaşinqton Birgə Bəyannaməsini nəzərdə tutur-müəl). Sülhü dönməz etmək üçün daha birini imzalamalıyam. Mən indi Azərbaycan və onun Prezidenti ilə sülh danışıqları aparıram. Bağışlayın, amma başqa kiminləsə danışıqlar aparmağın mənasını görmürəm. Çünki münaqişə Azərbaycanla olub, sülh də Azərbaycanla olacaq".
Bu fikirlərin arxasında isə bir neçə siyasi hesablama var. Birincisi, Ermənistan cəmiyyətində postmüharibə dövründə Azərbaycanla sülh və danışıqlar müxalifət və xaricdən koordinasiya edilən müxtəlif siyasi qruplar tərəfindən siyasi güzəşt kimi təqdim edilir. Paşinyan bu yanaşmanın səhv olduğunu sübut edir və onu dəyişdirməyə çalışır. İkincisi, Paşinyan etiraf edir ki, sülh danışıqlarında üçüncü və digər tərəflərin iştirakı önəmsizdir, danışıqlar sadəcə İrəvan və Bakı arasında aparılmalıdır. Yəni, vasitəçilərə artıq ehtiyac qalmayıb. Üçüncüsü, Paşinyan hökumətinin siyasi gələcəyi də məhz Azərbaycanla sülhdən asılıdır. Çünki Ermənistanın iqtisadi və nəqliyyat imkanlarının genişlənməsi, özünütəcrid siyasətindən çıxması də məhz sülh sazişindən asılıdır. Əgər ötən il ərzində Azərbaycan ərazisindən Ermənistana 105 min ton yük daşınıbsa, sülh sazişi imzalandıqdan sonra bu rəqəmin bir neçə dəfə artacağı şübhəsizdir. Təkcə bu fakt sübut edir ki, sülh Ermənistan üçün konkret iqtisadi əhəmiyyət daşıyır. Bu sıraya enerji, yanacaq sahələrində əməkdaşlıq, qarşılıqlı ticarət kimi vacib iqtisadi amilləri də əlavə etsək, sülh sazişinin Ermənistan və Paşinyan hökuməti üçün hansı əhəmiyyətə malik olduğunu anlarıq.
Yeni Konstitusiya və Qarabağ hərəkatından imtina
Paşinyanın parlamentdə çıxışı zamanı diqqət çəkən məqamlardan biri müxalifət deputatı Anuş Mirzoyanın ittihamına sərt cavab verməsidir. Müxalifət deputatı müharibədə həlak olan hərbçilərə görə Baş naziri günahlandırsa da, Paşinyan bildirib ki, münaqişənin davam etdirilməsi Ermənistan üçün fəlakətli nəticələrə səbəb ola bilər: "Qarabağ hərəkatı davam etdiyi müddətdə insanların övladları, istəsələr də, istəməsələr də, Bayraktarların altında həlak olacaqdılar", – deyən Paşinyan ardınca əlavə edib: "Mən deyirəm ki, Ermənistan Qarabağ hərəkatından imtina edir". Göründüyü kimi, Paşinyan artıq Qarabağ məsələsini Ermənistanın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi deyil, ölkənin təhlükəsizliyinə, suverenliyinə və gələcək inkişafına mane olan keçmiş siyasi xəttin tərkib hissəsi kimi təqdim edir. Baş nazir başa düşür ki, Qarabağ iddiasının yenidən gündəmə gətirilməsi sülh prosesinə əngəl törətməklə yanaşı, Ermənistana regionda yeni münasibətlər qurmaq imkanlarından da məhrum edə bilər. Onun fikrincə, müharibənin nəticələri əvvəlki siyasi kursla əlaqədardır və cəmiyyətin yeganə çıxış yolu bu kursdan imtina etməkdir.
Paşinyan çıxışında həm də bildirib ki, yeni Konstitusiya ilə bağlı gündəmi məhz 8 il əvvəl müəyyənləşdirib. O, eyni zamanda mövcud konstitusiyanı "oliqarxiyanın Konstitusiyası" adlandırıb. Baş nazir vurğulayıb ki, ölkənin gələcəyi münaqişələrə deyil, Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində inkişafına əsaslanmalıdır. Paşinyanın sözlərinə görə, yeni Konstitusiyanın əsas mesajı bütün istiqamətlərdə münaqişə səhifəsini bağlamaq və sülhü dönməz etməkdir. Bu isə göstərir ki, Paşinyan müxalifətdən və keçmiş siyasi kurslardan fərqli olaraq, ölkənin gələcəyini mübahisələr və iddialar üzərində yox, mövcud sərhədlər daxilində qurmaq istəyir. Həm də onun fikrinə görə, yeni Konstitusiya əslində Azərbaycanla sülh prosesinin davamlılığını təmin edəcək.
Konstitusiya məsələsi ilə bağlı TŞ katibi Alen Simonyan da maraqlı açıqlama verib. O, Azərbaycanla sülh müqaviləsinin Ermənistan Konstitusiyasına dəyişikliklər edildikdən sonra imzalanacağını bildirib və yeni Konstitusiyaya ehtiyacı təkcə Bakı ilə sülh gündəliyi deyil, dəyişən geosiyasi reallıqlarla da əlaqələndirib. Simonyanın "Beş il əvvəlki Ermənistanla müasir Ermənistan eyni deyil" fikri isə İrəvanın regionda baş verən dəyişiklikləri və əvvəlki siyasi yanaşmaların artıq yeni şəraitə uyğun gəlmədiyini qəbul etdiyini göstərir. Yəni, Konstitusiya dəyişikliyi Ermənistanda artıq hakim partiyanın təşəbbüsü və ya islahatı kimi yox, Ermənistanın sülh siyasətinin gələcək mərhələsi ilə əlaqəli dövlət məsələsi kimi qəbul edilir. Yəni, Paşinyan da, Simonyan da etiraf edir ki, sülh ancaq Konstitusiya dəyişikliyindən sonra mümkündür. Paşinyan hökuməti Konstitusiya islahatının nəticəsini Azərbaycanla sülhün taleyindən ayrı təsəvvür etmir.
TRİPP layihəsi və sərhədlərin delimitasiyası
Paşinyan parlamentdə çıxışında TRİPP layihəsi və Ermənistanın dəmir yolu şəbəkəsinin Azərbaycanın dəmir yolu şəbəkəsinə qoşulmasının vacibliyindən danışıb: "Biz hesab edirik ki, bizim dəmir yolumuz Azərbaycan dəmir yoluna birləşməlidir və bu məsələlər, texniki parametrlər fəal şəkildə razılaşdırılmalıdır. Üçtərəfli işçi qrupunun yaradılmasının səbəbi də məhz budur".
Yəni, Ermənistan anlayır ki, regional əlaqələrin qurulmasında kilid nöqtə Azərbaycandır və rəsmi Bakı ilə razılaşmadan bu, mümkünsüz görünür. Artıq bu reallıq Baş nazir səviyyəsində etiraf edilir. Çünki uzun illər özünütəcrid şəraitində yaşayan Ermənistan üçün bu layihə yeni bazarlara, nəqliyyat marşrutlarına və iqtisadi imkanlara çıxış deməkdir. Buna görə də, TRİPP layihəsi Ermənistanın 30 ildən çox davam edən özünütəcrid və blokada siyasətindən imtina etməsi və reallıqları qəbul etməsidir.
TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı açıqlamalarında Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası məsələsinə də toxunub. O bildirib ki, layihənin praktiki icrası mərhələsində sərhədin cənub istiqamətində, nəqliyyat və digər kommunikasiya xətlərinin çəkilməsi üçün zəruri olan hissələrində delimitasiya və demarkasiya işləri aparılmalıdır. Baş nazir bu prosesi dəmir yolu, avtomobil yolu və boru kəməri kimi infrastruktur layihələrinin reallaşdırılması üçün vacib mərhələ adlandırıb.
Yekun olaraq, Nikol Paşinyanın son açıqlamalarına Ermənistanın postmüharibə dövründəki ən açıq siyasi etirafları kimi baxa bilərik. Paşinyan parlament tribunasından bildirir ki, nə vasitəçilərə arxalanmaq, nə də revanşist ritorikasını davam etdirmək ölkəyə heç nə qazandırmır. Əksinə, bu ritorikanın davamı və xaricdəki havadarlara arxalanmaq Ermənistanı uçuruma sürükləyə bilər. İndi rəsmi İrəvanın qarşısında duran ən böyük məsələ Konstitusiya dəyişikliyinə gedərək, sülh sazişini imzalamaqdır. Çünki regionda mövcud olmaq, regional layihələrə qoşulmaq, iqtisadi dividentlər qazanmaq üçün Azərbaycanla sülh imzalamaq əsas şərtdir...
Kamil Məmmədov