Ermənistan sülh istəyirsə, Qərb ölkələrinin təxribatlarında alət olmamalıdır.
Bunu “Report”a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibədə regionda vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı fikirlərini ətraflı bölüşüb.
O, xatırladıb ki, sülh sazişi layihəsinin razılaşdırılmayan məqamlarından biri iki ölkənin bir-birinə qarşı beynəlxalq iddialardan geri durmasıdır:
“Ermənistan 30 illik işğal dövründə Azərbaycana böyük ziyan vurub. Torpaqlarımız azad ediləndən sonra dəymiş ziyanın hesablanması aparılıb. Prezidentin müsahibədə dediyi fikirlərdən aydın olur ki, vurulmuş zərərin təhlili başa çatdırılıb. Dəymiş zərərin həcmi təxminən 150 milyard dollardan çoxdur”.
Deputat vurğulayıb ki, digər razılaşdıırlmayan maddə isə başqa ölkələrin nümayəndələrini Azərbaycanla sərhəddə yerləşdirməməklə bağlıdır.
“Bu, niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Görünən odur ki, bu missiya sərhədlərimizdə kəşfiyyatla məşğuldur”, - o deyib.
F.Yıldırım qeyd edib ki, Qərb ölkələri qərəzli kampaniyalarla kifayətlənməyərək, Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışır.
“Fransa, ABŞ tərəfindən Ermənistanın silahlandırılması bunun göstəricisidir. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik”.
Deputat vurğulayıb ki, bütövlükdə, Prezident İlham Əliyevin müsahibəsi çox əhatəlidir:
“Burada beynəlxalq birlik üçün də ciddi mesajlar var. o cümlədən, Ermənistan bu mesajlardan nəticə çıxarmalıdır”.