Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci Sessiyası çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.
Nazirlikdən "Report"a verilən məlumata görə, E.Məmmədyarov Keniya xarici əlaqələr və ticarət naziri Amina Mohamed, Kosta Rika xarici əlaqələr və etiqad naziri Manuel Qonsales Sans, Dominikan Respublikası xarici əlaqələr üzrə dövlət katibi Migel Varqas Maldonado, Kolumbiya xarici işlər naziri Maria Anxela Olgin, Sent Kitts ve Nevisin xarici işlər naziri Mark Brantley, Makedoniyanın xarici işlər naziri Nikola Dimitrov, Sent Vinsent ve Qrenadin xarici əlaqələr, biznes və ticarət naziri Luis Straker, İspaniya xarici əlaqələr və əməkdaşliq məsələri üzrə naziri Alfonso Dastislə bir araya gəlib.
Görüşlərdə müvafiq olaraq, ölkələr arasında ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi və bu istiqamətdə birgə səylərin davam etdirilməsinin zəruriliyi, qarşılıqlı rəsmi səfərlərin və Xarici İşlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələrin mühüm əhəmiyyətə malik olduğu vurğulanıb. İkitərəfli müqavilə-hüquq bazasının, iqtisadi-ticarət və humanitar əlaqələrin birgə səylərlə inkişaf etdirilməsi yolları barədə fikir mübadiləsi aparılıb.
Habelə, sözügedən ölkələrlə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və seçkili orqanlarda qarşılıqlı dəstək məsələlərinə toxunulub. Tərəflər arasında BMT Baş Məclisinin 72-ci sessiyasının gündəliyində duran aktual məsələlər də müzakirə olunub.
Görüşlər əsnasında E.Məmmədyarov Azərbaycan və regionun təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı davam edən işğalı və müxtəlif təxribatlarla münaqişənin həlli prosesini daim pozmaq cəhdləri, işğala əsaslanan status-kvonu saxlama siyasəti barədə həmkarlarına müfəssəl məlumat verərək, münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməli olduğunu deyib. Nazir münaqişənin həllində Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli və haqlı mövqeyinin bütün beynəlxalq ictimaiyyət, o cümlədən, görüş keçirən ölkələr tərəfindən daim dəstəklənməsinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.
Kolumbiya tərəfi ilə keçirilmiş görüşdə E.Məmmədyarov həmkarı Maria Anxela Olgin “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kolumbiya Respublikasının Xarici İşlər Nazirliyi arasında idman və mədəniyyətin təşviqinə dair” Bəyannamə imzalayıblar.