Elmar Məmmədyarov Finlandiyanın XİN başçısı ilə görüşüb

Elmar Məmmədyarov Finlandiyanın XİN başçısı ilə görüşüb
Xarici siyasət
8 Dekabr , 2017 09:53
Elmar Məmmədyarov Finlandiyanın XİN başçısı ilə görüşüb

Bakı. 8 dekabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Vyanada keçirilən ATƏT Nazirlər Şurasının 24-cü iclası çərçivəsində Finlandiya Respublikası xarici işlər naziri Timo Soini ilə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırki səviyyəsi nəzərdən keçirilib və əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərinə toxunulub. Tərəflər ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi və bu istiqamətdə birgə səylərin davam etdirilməsinin zəruriliyini qeyd ediblər.

Tərəflər Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tvinninq layihələrinin əhəmiyyətinə toxunaraq, Azərbaycan üçün maraq kəsb edən layihələrə dair fikir mübadiləsi aparıblar.

Nazir Elmar Məmmədyarov Azərbaycan və regionun təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycana qarşı davam edən işğalı və münaqişənin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti haqqında məlumat verərək, münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməli olduğunu deyib.

Elmar Məmmədyarov həmçinin paytaxt Bakının EXPO-2025-in keçirilməsinə namizəd şəhər olduğunu qeyd edərək, son illər ərzində Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb. O, bu xüsusda tədbirə ev sahibliyi etmək niyyəti ilə ölkəmizin insan kapitalının inkişafına dair məqsəd və məramları barədə həmsöhbətinə məlumat verib.

Görüşdə həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi