“Pakistanın Baş naziri Şahbaz Şərifin iyun 14-15-də Azərbaycana planlaşdırılan rəsmi səfəri iki ölkə arasında qardaşlıq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsində mühüm mərhələ olacaq”.
Bunu “Report”a açıqlamasında Yaxın Şərq, Mərkəzi Asiya, Azərbaycan və Afrika üzrə ekspert Kayzer Nəvab deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə səfər edəcək Baş nazir Şahbaz Şərif iki ölkə arasında əməkdaşlığın mühüm sahələrinə cavabdeh olan nazirlərdən ibarət nümayəndə heyətinə rəhbərlik edəcək:
“Səfər tərəflər arasında ticarət, investisiya və enerji kimi əsas sektorlar üzrə hərtərəfli danışıqları təşviq etmək məqsədi daşıyır. Bundan başqa, qarşılıqlı maraq doğuran regional və qlobal məsələlərin müzakirəsi və əməkdaşlıq imkanlarının öyrənilməsi planlaşdırılır”.
Ekspert Pakistan-Azərbaycan münasibətlərinin ortaq inanca, mədəniyyətə və tarixə söykəndiyini, həmçinin regional və qlobal məsələlərdə qarşılıqlı etimad və fikir həmrəyliyi ilə möhkəmləndiyini vurğulayıb.
O qeyd edib ki, hər iki ölkənin liderləri arasında tez-tez həyata keçirilən səfər mübadiləsi dərin dostluq əlaqələrini göstərir, Pakistan və Azərbaycan xalqlarının rifahı naminə daha sıx çoxşaxəli əməkdaşlığı təşviq edir:
“Bu səfər ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən ticarət, investisiya və enerji sahələrində əməkdaşlığın dərinləşməsini göstərir. Əminəm ki, bu səfər zamanı səmərəli nəticələr əldə olunacaq. Üstəlik, bu, ölkələrin daha sıx qarşılıqlı əlaqəsinə və rifahına töhfə verəcək”.