"Azərbaycan həmişə İranla münasibətlərin qorunmasında maraqlı olub və əlaqələrin inkişafı üçün davamlı səylər göstərib. Amma həm Birinci, həm də İkinci Qarabağ müharibəsi vaxtında İran Azərbaycana qarşı ikiüzlü siyasət nümayiş etdirib. ".
Bu sözləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O deyib ki, Azərbaycan yenə də İranla hər zaman səmimi və dostluq münasibətləri qurmağa çalışıb:
"Hətta Vətən müharibəsindən sonra Prezident Cəbrayıla səfəri zamanı əlini Xudafərin körpüsünə uzadaraq bu körpünün dostluq və qardaşlıq körpüsü olduğunu dedi. Ancaq Tehran müharibədən əvvəl İrəvanı silahlandırmaqla yanaşı, sonrakı dövrdə Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlı müxtəlif bəyanatlar səsləndirirdi. İranın ikiüzlü siyasətini, əlbəttə, qəbul etmirik. İran bu cür yanaşmalara son qoymalıdır”.
C.Məmmədov vurğulayıb ki, İran bölgədə sabitliyin təmin olunmasında, keçmiş Qarabağ münaqişəsinin həllində maraqlı olmayıb:
"Tehran Bakının daha da güclənməsindən narahatdır. Azərbaycanın qələbəsi bir sıra dövlətləri, o cümlədən İranı ciddi narahat edir. İran bizi özünə din qardaşı hesab edir, müsəlmanların yanında olduğunu bildirir. Lakin İran bunu söyləsə də, əməldə Ermənistanı dəstəkləyir. Bu, İslam prinsiplərinə ziddir, qəbul edilən deyil. Azərbaycan bu məsələdə dəfələrlə mövqeyini bildirib".
Milli Məclisin deputatı xatırladıb ki, Pəhləvilər sülaləsinə qədər İranda hakimiyyətdə olanlar azərbaycanlılar idi:
"Azərbaycanlılar uzun müddət İranın idarə olunmasında, dövlətçiliyin güclənməsində fəal iştirak ediblər. Amma bu gün İran bizim bu səylərimizi gözardı edir, azərbaycanlıları sıxışdırır, hüquqlarını məhdulaşdırır. Əlbəttə, bu, başadüşülən deyil. Halbuki orada yaşayan ermənilər üçün hər cür şərait yaradılıb. Məktəbləri, kilsələri, ictimai təşkilatları sərbəst fəaliyyət göstərir. İkinci bir tərəfdən, İran oradakı azərbaycanlıların öz doğma dilində təhsil almasına mane olur. Fəqət, dediyim kimi, oradakı ermənilər münasibət belə deyil. Orada yaşayan azərbaycanlıların hüquqlarının pozulması beynəlxalq hüquqa da ziddir. Bu münasibət bizi ciddi narahat edir. İran bu siyasətə son qoymalıdır".