Ceyhun Bayramov Vatikan rəsmisini Ermənistanın kütləvi hərbiləşdirilməsi barədə məlumatlandırıb - YENİLƏNİB - 2

Ceyhun Bayramov Vatikan rəsmisini Ermənistanın kütləvi hərbiləşdirilməsi barədə məlumatlandırıb - YENİLƏNİB - 2 Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallagerlə görüşüb.
Xarici siyasət
16 Dekabr , 2024 16:12
Ceyhun Bayramov Vatikan rəsmisini Ermənistanın kütləvi hərbiləşdirilməsi barədə məlumatlandırıb - YENİLƏNİB - 2

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 16-da Bakıya səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi arxiyepiskop Pol Riçard Qallager ilə görüşüb.

"Report" xəbər verir ki, tərəflər arasında baş tutan təkbətək görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Geniştərkibli görüşdə Azərbaycan və Müqəddəs Taxt-Tac arasında mövcud ikitərəfli, habelə çoxtərəfli əməkdaşlığın inkişaf perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

İki ölkə arasında qarşılıqlı səfər və təmasların dinamikasında müşahidə olunan artımın məmnunluq doğurduğu, Azərbaycan və Müqəddəs Taxt-Tac arasında siyasi, mədəni, humanitar sahələrdə mövcud əməkdaşlığa ciddi töhfə verdiyi qeyd olunub. Azərbaycanın Vatikanda səfirliyinin fəaliyyətə başlamasının ikitərəfli münasibətlərin üçün əhəmiyyəti məmnunluqla qeyd edilib. Roma Papası II İohan Pavelin 2002-vi ildə, Papa Fransisin 2016-cı ildə Azərbaycana səfəri xatırlanıb, qarşılıqlı səfərlərin davamlı olacağına inam ifadə olunub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondunun dünyanın bir çox bölgələrində, o cümlədən Müqəddəs Taxt-Tac ərazisində yerləşən beynəlxalq əhəmiyyətli mədəni abidələrin restavrasiyasında fəal iştirakının təqdirəlayiq olduğu diqqətə çatdırılıb. Görülən tədbirlərin Azərbaycanın multikulturalizmin təşviqi sahəsində mövcud təcrübə və fəaliyyətinin davamı olduğu bildirilib, bu istiqamətdə həmçinin Müqəddəs Taxt-Tacla əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğumuz qeyd edilib.

C.Bayramov, həmçinin qarşı tərəfi cari ildə Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələri barədə ətraflı məlumatlandıraraq Azərbaycanın sədrliyi ilə uğurla həyata keçirilən COP29 çərçivəsində bir sıra vacib tədbir və təşəbbüslərlə yanaşı, Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin təşkil edildiyini diqqətə çatdırıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistan arasında normallaşma və sülh prosesinin hazırkı vəziyyətindən, delimitasiya komissiyaları tərəfindən aparılan iş barədə ətraflı bəhs edilib. Azərbaycanın təşəbbüsü ilə başladılan sülh gündəliyinin irəlilədilməsi istiqamətində vacib irəliləyişlərin əldə olunmasına baxmayaraq, Ermənistan Konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycan əleyhinə ərazi iddialarının davam etdirilməsinin, habelə bu ölkənin sürətli silahlandırılmasının regional sülh və təhlükəsizliyə təhdid törətdiyi qeyd olunub.

Arxiyepiskop Pol Riçard Qallager II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin təqdis edilməsinə görə böyük məmnunluq duyduğunu diqqətə çatdıraraq kilsənin tikintisində yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

13:47

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın Dövlətlərlə Əlaqələr üzrə Katibi Arxiyepiskop Pol Riçard Qallagerlə ikitərəfli və geniştərkibli görüşlər keçirib.

"Report" xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

Qeyd olunub ki, ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivlərini, regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etmək üçün geniş formatda görüş baş tutub.

Xarici işlər nazirləri dünyada multikulturalizmin və dinlərarası dialoqun təşviqinə yönəlmiş birgə səylər və təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.

XİN rəhbərinin "X" platformasında paylaşımında isə qeyd olunub ki, görüşdə Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünyanın müxtəlif yerlərində, o cümlədən Müqəddəs Taxt-Tacda qlobal mədəni və dini obyektlərin qorunması istiqamətində fəaliyyətinin əhəmiyyəti vurğulanıb. Nazir həmçinin Azərbaycanın bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirmək öhdəliyini xatırladıb.

“Həmkarımı münaqişədən sonrakı yenidənqurma və sülh gündəliyi, mina təhlükəsi, qalıcı sülh prosesi ilə bağlı mövcud çağırışlar, o cümlədən davam edən ərazi iddiaları və Ermənistanın kütləvi hərbiləşdirilməsi barədə məlumatlandırdım”, - XİN başçısı əlavə edib.

13:17

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallagerlə görüşüb.

"Report" xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

Qeyd edilib ki, tərəflər arasında təkbətək görüş başlayıb.

Son xəbərlər

Orphus sistemi