Ceyhun Bayramov ICESCO-nun baş direktoru ilə görüşüb, əməkdaşlıq məsələləri müzakirə olunub

Ceyhun Bayramov ICESCO-nun baş direktoru ilə görüşüb, əməkdaşlıq məsələləri müzakirə olunub Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 3-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.
Xarici siyasət
3 Oktyabr , 2023 16:58
Ceyhun Bayramov ICESCO-nun baş direktoru ilə görüşüb, əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 3-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb. Görüşdə Azərbaycan və ICESCO arasında əməkdaşlıq məsələləri, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Bu barədə "Report"a Azərbaycan XİN-dən məlumat verilib.

C.Bayramov Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərdən mədəniyyətlərarası dialoqun təşviqi, irqi ayrı-seçkilik, islamofobiya kimi təhdidlərlə mübarizə sahələrində ICESCO ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdıraraq, bu xüsusda, yaxın zamanda ICESCO-nun ölkədə regional mərkəzinin açılmasının münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə dair inamını ifadə edib. Multikulturalizm və tolerantlıq modeli ilə dünyada tanınan ölkənin mədəniyyət beşiyi olan Şuşa şəhərinin 2024-cü il üzrə ICESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” seçildiyi məmnunluqla qeyd edilib.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın sülh və quruculuq səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir ölkənin 30 ilə yaxın davam edən münaqişə dövründə Ermənistan tərəfindən dağıdılan dini və mədəni irsimizin bərpası istiqamətində əməli addımlar atdığını diqqətə çatdırıb. Münaqişə zamanı, habelə münaqişədən sonrakı dövrdə üzləşdiyimiz ikili standartlar, keçmiş münaqişəyə dini çalarlar verilməsi cəhdlərinin qəbuledilməzliyi, habelə bu kimi addımların bölgədə sülh və sabitliyə töhfə vermədiyi vurğulanıb.

Bütün mövcud çətinliklərə və çağırışlara baxmayaraq, Azərbaycanın Ermənistanla normallaşma və sülh gündəliyinin, habelə Qarabağ bölgəsində yaşayan yerli erməni sakinlərin reinteqrasiya prosesinin irəlilədilməsində qərarlı olduğu diqqətə çatdırılıb. Xüsusilə, görülən antiterror tədbirləri nəticəsində bölgədə mövcud qeyri-qanuni erməni silahlı qüvvələrinin buraxılması və tərksilahı prosesinin sülh və reinteqrasiya səylərinə təkan verdiyi qeyd olunub.

Baş direktor Azərbaycana səfərindən məmnunluq duyduğunu, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə və birinci xanım Mehriban Əliyeva ilə keçirdiyi görüş zamanı faydalı fikir mübadiləsi aparıldığını diqqətə çatdırıb. ICESCO-nun Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğu, habelə bundan sonra da əlaqələrin gücləndirilməsi istiqamətində səylər göstərilməsinin vacibliyi qeyd olunub.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi