Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono arasında görüş keçirilib.
Bu barədə "Report" a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı, Azərbaycan-Ermənistan arasında sülh prosesi, “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzrə danışıqların cari vəziyyəti, bu çərçivədə aparılmış son görüşlərin nəticələri və danışıqların perspektivləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov eyni zamanda, kommunikasiyaların açılması və delimitasiya prosesi barədə ölkəmizin mövqeyini bir daha diqqətə çatdırıb.
Lui Bono ABŞ-ın sülh prosesinə bütün vasitələrlə dəstək verməyə hazır olduğunu bildirib. O, bölgənin inkişafı üçün sülh və əmin-amanlığın təmin edilməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.