BMT-nin idarəçilik üzrə beynəlxalq eksperti Carlyle G.Corbin müstəmləkəçiliyə qarşı mübarizəyə görə Azərbaycana təşəkkür edib.
“Report” xəbər verir ki, o, bu barədə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə fevralın 24-də İstanbulda “Dekolonizasiya: İntibahın oyanışı” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O vurğulayıb ki, müstəmləkəçiliyin ilkin mərhələsi məhz Avropa ölkələrində başlayıb və azadlıqların məhdudlaşdırılması ilə dünyanın müxtəlif bölgələrində davam edib: “Dünyada hələ də bu təzyiqlərə məruz qalan ölkələr var. Dövrlərlə bəzi toplumlarda müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində hərəkatlar baş qaldırsa da, bu ölkələr azadlıqdan çox uzaqda qalıblar. Hazırda dünya üzrə BMT prinsiplərindən uzaq idarə edilən 17 kolonizə edilmiş ada var və Azərbaycan tərəfindən təşkil edilən bu kimi tədbirlər buralarda yaşayan insanlar üçün olduqca vacibdir”.
Qeyd edək ki, İstanbulda “Dekolonizasiya: İntibahın oyanışı” mövzusunda beynəlxalq konfrans keçirilir. Beynəlxalq tədbirdə dünyanın 13 ölkəsi və 4 beynəlxalq təşkilatdan 50-yə yaxın nümayəndə iştirak edir.