Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü işıqlandırmaq üçün Azərbaycana gələn bir qrup xarici jurnalist Ağdam rayonundakı İmarət tarixi kompleksində olublar.
“Report” xəbər verir ki, xarici KİV nümayəndələrinə İmarət kompleksi haqqında məlumat verilib.
Bildirilib ki, Ağdam rayonunun erməni vandalizminə məruz qalan tarixi-memarlıq tikililərindən biri də Qarabağ xanlığının banisi olan Pənahəli xanın sarayıdır.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov qeyd edib ki, bu ərazidəki tarixi abidələrin əksəriyyəti artıq yoxdur, onlar dağıdılıb. Daha sonra o, jurnalistləri kompleksin ərazisini gəzməyə və erməni vandalizminin şahidi olmağa dəvət edib.
Xarici jurnalistlər Cümə məscidini, Şəhidlər xiyabanını və Ağdam Dram Teatrını da ziyarət ediblər.
A.İmanov jurnalistlərə məscidin bərpadan əvvəlki vəziyyətini əks etdirən fotoşəkillər göstərib.
“İşğal zamanı Qarabağ ərazisində yerləşən bir çox məscidlər dağıdılıb. Onların bir qismi başqa məqsədlər üçün istifadə olunub. Məsələn, minarələrdən müşahidələr aparılıb. Bəzi məscidlərdə mal-qara və donuz belə saxlanılıb”, - o deyib.
Xarici jurnalistlər Ağdam rayonunda aparılan bərpa işlərinin gedişi ilə də tanış olublar. Onlar Ağdam Konfrans Mərkəzini ziyarət ediblər.
Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü işıqlandırmaq üçün Azərbaycana gəlmiş xarici jurnalistlər Ağdam rayonunun Sarıcalı kəndində ərazinin minalardan təmizlənməsi əməliyyatlarının gedişi ilə tanış olublar.
“Report” xəbər verir ki, Qarabağa səfər çərçivəsində jurnalistlərə münaqişənin tarixi, əzəli Azərbaycan torpaqlarının 30 illik işğalı, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi barədə məlumat verilib.
"Azərbaycan ərazisinin böyük bir hissəsi təxminən 30 ilə yaxın işğal altında olub. Əraziləri işğaldan azad etdikdən sonra Azərbaycanın qarşılaşdığı ilk problem minalarla bağlı olub. Qarabağ dünyada minalarla ən çox çirklənmiş ərazilərdən biridir", - Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov jurnalistlərə məlumat verib.
A.İmanov Azərbaycanın ərazilərin ən sürətli və effektiv şəkildə minalardan təmizlənməsi üçün bütün üsullardan istifadə etdiyini, bu məqsədlə minaaxtaran itlərdən, minatəmizləmə maşınlarından istifadə edildiyini, eləcə də süni intellektə əsaslanan texnologiyaların tətbiq olunduğunu nəzərə çatdırıb.
"Biz minaların axtarışında dronlardan da istifadə edirik. Azərbaycan bu təcrübəni tətbiq edən ilk ölkədir", - xüsusi nümayəndəliyinin böyük məsləhətçisi əlavə edib.
Onun sözlərinə görə, minalanmış ərazilərin sahəsi böyük olduğuna görə minalardan təmizləmə ilk növbədə əsas sənaye layihələrinin - yolların, yaşayış komplekslərinin və s. yaradılacağı yerlərdə aparılır.
Qeyd edək ki, səfərdə müxtəlif ölkələri, o cümlədən Qoşulmama Hərəkatına daxil olan ölkələri təmsil edən 30-dan çox jurnalist iştirak edir.
Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü işıqlandırmaq üçün Azərbaycana gəlmiş xarici jurnalistlər Ağdamа gəliblər.
"Report" xəbər verir ki, Ağdama səfər çərçivəsində xarici mətbuat nümayəndələri ərazilərin minalardan təmizlənməsi prosesi ilə tanış olacaq, habelə işğal zamanı dağıdılmış mülki obyektlərə, dini və mədəni-tarixi abidələrə, o cümlədən “İmarət” kompleksinə, Şəhidlər xiyabanına, eləcə də Dram teatrına baş çəkəcəklər.
Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünü işıqlandırmaq üçün Azərbaycana gəlmiş xarici jurnalistlər Ağdam və Füzuli rayonlarına, eləcə də Şuşa şəhərinə səfər edəcəklər.
“Report” xəbər verir ki, səfərdə 30-dan çox jurnalist iştirak edəcək.
Bu gün xarici mətbuat nümayəndələri işğaldan azad edilmiş Ağdam rayonunu ziyarət edəcək, burada ərazilərin minalardan təmizlənməsi prosesi ilə tanış olacaq, habelə işğal zamanı dağıdılmış mülki obyektlərə, dini və mədəni-tarixi abidələrə, o cümlədən “İmarət” kompleksinə, Şəhidlər xiyabanına və Dram teatrına baş çəkəcəklər.