Dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin (səyyah) Şərqi Zəngəzura səfəri başa çatıb.
"Report"un əməkdaşı xəbər verir ki, heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Şarl Veley olub.
Səyyahlar səfərin marşrutuna uyğun olaraq üçüncü gün Zəngilan rayonuna səfər ediblər. Onlar bu rayonlarda işğal zamanı ermənilər tərəfindən törədilən dağıntılarla, həmçinin viran edilmiş yurd yerləri, ekosid həyata keçirilmiş sahələrlə və azad olunan ərazilərdə tikinti quruculuq işləri ilə tanış olublar.
Həmçinin səyyahlar Zəngilan rayonunun Ağalı kəndinə baş çəkib, yaşayış məntəqəsindəki quruculuq işləri, yerli sakinlərin həyat fəaliyyəti ilə maraqlanıblar.
Daha sonra səyyahlar Cəbrayıl rayonundakı Xudafərin körpüsünə doğru yola düşüblər. Burada onlara tarixi abidə barədə geniş məlumat verilib, körpünün 2020-ci il oktyabrın 18-dək erməni işğalı altında olması vurğulanıb.
Qeyd edək ki, səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır. Bundan əvvəl ötən bir ildə dünyanın biznes və turizm elitasını özündə birləşdirən əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC (Extremal Travellers International Congress), MTP (Most Travelled People), TCC (Travelers' Century Club), Nomadmania klublarının təsisçiləri, prezidentləri və tanınmış üzvləri səviyyəsində qrupların Qarabağ və Şərqi Zəngəzura 3 dəfə səfərləri təşkil olunub. Bu səfərlərə indiyədək ümumilikdə 25-ə yaxın ölkədən 100 nəfərdən çox beynəlxalq səyahətçi qatılıb. Bu sayca 4-cü analoji səfər olub. Bu dəfə heyətdə daha çox ölkədən nümayəndələr iştirak edib.