Azərbaycan və Sloveniya ticari-iqtisadi münasibətlərin genişləndirilməsi üçün potensiala malikdir.
“Report”un məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov sloveniyalı həmkarı Tanya Fayon ilə birgə mətbuat konfransında bildirib.
"Müsbət dinamika müşahidə olunur, lakin Azərbaycan və Sloveniya arasında ticarət-iqtisadi münasibətlərin potensialı hələ tam açılmayıb", - C.Bayramov qeyd edib.
Onun sözlərinə görə, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 30 milyon dollar təşkil edib: "Bu, bizim gözləntilərimizə cavab vermir. Biz bu məqam üzərində işləyəcəyik. Müsbət dinamika da var, məsələn, ötən il “Geoplin” və SOCAR (qaz tədarükü üzrə) saziş imzalayıblar".
C.Bayramov qeyd edib ki, bu gün müzakirələr çərçivəsində tərəflər həmçinin Sloveniya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda fəaliyyətə cəlb olunmasını müzakirə ediblər: "Biz onlara bərpa işlərinin gedişatı haqqında məlumat verdik.
Sloveniya şirkətlərinin bu regionlarda fəaliyyət göstərməsi üçün imkanlar var".