Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına səfər edib.
"Report" xəbər verir ki, səfər zamanı Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı ölkələrimiz arasında iqtisadi-ticarət, yol-nəqliyyat, energetika, infrastruktur sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri haqqında müzakirələr aparılıb.
Aidiyyəti dövlət qurumlarının rəhbərləri və nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Şahin Mustafayev dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiklərini, ölkələrimiz arasında əlaqələrin strateji səviyyədə olduğunu və iqtisadi-ticarət sahəsi də daxil olmaqla bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.
Görüşdə iki ölkə arasında ticarət sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub, qarşılıqlı ticarət dinamikasının mövcud vəziyyəti və artım imkanları, o cümlədən Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracı barədə ətraflı fikir mübadiləsi aparılıb. Qarşılıqlı investisiya qoyuluşu sahəsində icrada olan layihələr barədə danışıqlar aparılıb, qarşılıqlı investisiyalar həcminin 6 milyard ABŞ dollarından çox olduğu qeyd edilib.
Nəqliyyat sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu və dinamik inkişaf etdiyi, Şimal-Cənub beynəlxalq nəqliyyat koridoru üzərində bu ilin 10 ayı ərzində yükdaşımalarda 18% artım vurğulanıb. Nəqliyyat-tranzit sahəsində yeni imkanlar müzakirə olunub.
Görüşdə həmçinin energetika sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib, Azərbaycan-İran-Rusiya enerji sistemlərinin birləşdirilməsi layihəsinin reallaşdırılması istiqamətində aparılan işlər qeyd olunub.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.