Baş katibin müavini: “Azərbaycan və Avropa Şurası arasında birgə əməkdaşlıq həmişəkindən daha vacib olacaq”

Baş katibin müavini: “Azərbaycan və Avropa Şurası arasında birgə əməkdaşlıq həmişəkindən daha vacib olacaq” “Azərbaycan və Avropa Şurası arasında birgə əməkdaşlıq həmişəkindən daha vacib olacaq”.
Xarici siyasət
9 Dekabr , 2022 15:46
Baş katibin müavini: “Azərbaycan və Avropa Şurası arasında birgə əməkdaşlıq həmişəkindən daha vacib olacaq”

“Azərbaycan və Avropa Şurası arasında birgə əməkdaşlıq həmişəkindən daha vacib olacaq”.

“Report”un xəbərinə görə, bu sözləri Avropa Şurası Baş katibinin müavini Byorn Berqe deyib.

Belə ki, bu gün Azərbaycan və Avropa Şurası (AŞ) arasında 20 illik əməkdaşlığa həsr olunmuş Azərbaycan Xarici İşlər Nazirliyi (XİN), Avropa Şurasının Bakıdakı Ofisi və ADA Universitetinin birgə təşkilatçılığı ilə "dəyirmi masa" keçirilib.

Toplantının açılış sessiyasında xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko və Avropa Şurası Bakıdakı Ofisinin rəhbəri Petr Zix iştirak ediblər.

Tədbirdə əvvəlcə Avropa Şurası Baş katibinin müavini Byorn Berqenin tədbir iştirakçılarına videomüraciəti yayımlanıb.

O, müraciətində tədbirin əhəmiyyətindən bəhs edərək bildirib ki, bu, həm Avropa Şurasının, həm də Azərbaycan Respublikasının əməkdaşlığa və son iyirmi il ərzində birlikdə görülən işlərə sadiqliyini göstərir.

Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra AŞ-in 65 konvensiyasını imzalayıb və ratifikasiya edib, doqquz sazişə qismən qoşulub.

B.Berqe qeyd edib ki, Avropa Şurası Azərbaycanla əməkdaşlıq təşəbbüsləri vasitəsilə Azərbaycanın məişət zorakılığına qarşı mübarizə üzrə ilk Milli Fəaliyyət Planına “xüsusən də qadınların daha çox təhlükəsizlik şəraitində yaşaya bilməsi üçün” töhfə verib. “Ədliyyənin daha əlçatan və möhkəm olması üçün” pulsuz hüquqi yardımın göstərilməsi və məhkəmə qərarlarının icrası ilə bağlı qanunvericilik üzərində iş davam etdirilir.

AŞ-ın Baş katibinin müavini gələcək əməkdaşlıq imkanlarından danışaraq, əməkdaşlığın gələcək illərdə daha da genişlənəcəyinə əminliyini ifadə edib. O, Bakının mütəmadi olaraq Ümumdünya Forumuna ev sahibliyi etdiyi mədəniyyətlərarası dialoq sahəsini xüsusi qeyd edib. O vurğulayıb ki, Azərbaycanın dinlərarası dialoq üzrə əməkdaşlığımıza yenidən başlamağa böyük marağı olması yüksək qiymətləndirilir.

“Avropa hazırda bir sıra ciddi problemlərlə üz-üzədir. Biz irəlilədikcə, Azərbaycan və Avropa Şurası arasında birgə əməkdaşlıq da həmişəkindən daha vacib olacaq”, - B.Berqe çıxışını yekunlaşdırıb.

Dəyirmi masa Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlıq haqqında məlumatlılığın artırılmasına yönəlmiş daha geniş təşəbbüsün bir hissəsidir. Bu təşəbbüs çərçivəsində Avropa Şurasının Bakıdakı Ofisi məhkəmə-hüquq məsələləri ilə bağlı vebinar keçirib və həmçinin öz sosial media hesablarında Avropa Şurasının Azərbaycandan olan əməkdaşlarının videomüsahibələrini, habelə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsinin videomüsahibəsini dərc edib.

Son xəbərlər

Orphus sistemi