Mayın 8-də Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Rusiyanın Həştərxan vilayətinin yüksək vəzifəli şəxsləri və qubernatoru İqor Babuşkin ilə görüşüb.
“Report” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bu il vilayətdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş anım tədbirlərinin keçirildiyini bildirib.
“Mən İlham Əliyevdən bu tədbirlərin Həştərxan vilayətində təşkil olunmasını xahiş etdim və onun dəstəyini aldım. Bu ilin əvvəlindən Həştərxan vilayətində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş müxtəlif konfranslar, dəyirmi masalar, televiziya şouları və müsabiqələr keçirilib. Yaxın gələcəkdə konsertlər, gənclər forumu və bir sıra digər maraqlı tədbirlər keçiriləcək. Bütün bunlar, şübhəsiz ki, bir daha bizim nə qədər isti və mehriban münasibətlərimizin olduğunu sübut edir. Heydər Əliyevin siyasətinin əsasında regionlararası səviyyədə mehriban münasibətlərin qurulmasının dəyişməz prinsipi dayanır. Onun şəxsiyyəti bizim üçün böyük əhəmiyyət kəsb edir, çünki belə münasibətlərin yaranması və formalaşması məhz onun adı ilə bağlıdır. Regionların formalaşması yolunda Heydər Əliyev tərəfindən qoyulmuş təməl dostluq və işgüzar əlaqələrimizin davam etdirilməsi üçün əsasdır”, - İ.Babuşkin deyib.
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev vurğulayıb ki, səfərin əsas məqsədi Azərbaycanın Ulu Öndəri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş anım tədbirlərində iştirak etməkdir. O, Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycanın Baş naziri Əli Əsədovun salamlarını çatdırıb, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin xatirəsinə göstərdikləri münasibətə görə həştərxanlılara minnətdarlığını bildirib. “Siz Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər planını təsdiqləmisiniz və uğurla həyata keçirirsiniz. Rəhbərliyimiz daimi təmasdadır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş əlaqələrimizin inkişafı üçün böyük potensial var. Dahi lider Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə də çox işlər görüb. Hesab edirik ki, müasir şəraitdə əməkdaşlığımızın çoxşaxəli artması üçün əsaslar var. Müxtəlif sahələr üzrə çox maraqlı ideyalar var. Heydər Əliyev həmişə təhsil sahəsinə xüsusi diqqət göstərib. Bunu əsas götürən Prezident İlham Əliyev Həştərxanda uşaq evinin tikintisi, Heydər Əliyev adına məktəbin yenidən qurulması və bərpası ilə bağlı tapşırıqlar verib”.
Baş nazirin müavini qarşıdan gələn Qələbə Günü münasibətilə təbriklərini çatdırıb, İkinci Dünya Müharibəsindəki qələbədə Azərbaycanın rolundan danışıb.
Həştərxan vilayətinin eks-qubernatoru Aleksandr Jilkin, öz növbəsində, bildirib ki, Heydər Əliyev Azərbaycan üçün mürəkkəb dönəmdə ölkənin inkişaf proqramını qurmağa nail olub: “Biz Heydər Əliyev sayəsində Azərbaycanın inkişafının şahidiyik. Qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyev Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Gənc yaşlarımda Heydər Əliyev ilə görüşmək mənə nəsib olub. Həştərxan vilayəti ilə qarşılıqlı fəaliyyət siyasətinə görə Azərbaycan hökumətinə və Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”.