Azərbaycan XİN Avropa İttifaqının bəyanatına cavab verib

Azərbaycan XİN Avropa İttifaqının bəyanatına cavab verib Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat katibinin bölgədəki vəziyyətlə bağlı bəyanatına münasibət bildirib.
Xarici siyasət
1 Sentyabr , 2023 17:12
Azərbaycan XİN Avropa İttifaqının bəyanatına cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat katibinin bölgədəki vəziyyətlə bağlı bəyanatına münasibət bildirib.

"Report"un məlumatına görə, açıqlamada Avropa İttifaqı tərəfindən bildirildiyi kimi, 15 iyul 2023-cü il tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşdəki müzakirələrin nəticəsi olaraq aparılmış danışıqlardan sonra, Azərbaycanın Qarabağ bölgəsinə yüklərin müxtəlif marşrutlarla çatdırılması, habelə Ağdam-Xankəndi yolunun açılmasına parallel olaraq Laçın yolundan istifadənin intensivləşməsi məsələlərinin razılaşdırıldığı vurğulanıb:

"Buna baxmayaraq, Ermənistanın qondarma rejimi vasitəsilə qeyri-qanuni şərtlər və müxtəlif bəhanələr irəli sürməsi ilə əldə olunmuş razılıqdan boyun qaçırması sözügedən razılığın icrasına maneə törətdi. Həmçinin xatırlatmaq istərdik ki, cari ilin avqust ayının əvvəlində Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün təşkili ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq, son anda erməni tərəfi bu görüşdən imtina etdi. Təəssüflər olsun ki, 15 iyul tarixindən bugünədək Ermənistan və onun qondarma rejimi, sözügedən üçtərəfli görüş çərçivəsində razılaşdırılmış bu gündəliyin icrasına və irəli aparılmasına mane olmaqda davam edərək, bu istiqamətdə Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşların səylərini heçə endirir".

Bildirilib ki, Azərbaycan Ermənistana iki ölkə tərəfindən bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında sülh təklif edib: "Digər istiqamətdə isə Azərbaycan Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyasında qərarlıdır. Azərbaycan bütün bu istiqamətlərə sadiqliyini nümayiş etdirməklə yanaşı, Ermənistan tərəfinin davam edən hərbi-siyasi təxribatları kontekstində öz suverenliyini və ərazi bütövlüyünü BMT Nizamnaməsi və beynəlxalq hüququn digər universal sənədləri ilə təmin edilmiş bütün qanuni vasitələrlə müdafiə etmək hüququnu da özündə saxlayır".

Son xəbərlər

Orphus sistemi