Azərbaycan XİN: "Ermənistanın məqsədi danışıqlar prosesinin irəliləməsinə maneə yaratmaqdır"

Azərbaycan XİN: "Ermənistanın məqsədi danışıqlar prosesinin irəliləməsinə maneə yaratmaqdır" "Ermənistanın sərhəd boyunca vəziyyəti gərginləşdirməsi cəhdləri təxribat xarakteri daşıyır"
Xarici siyasət
25 Sentyabr , 2015 14:26
Azərbaycan XİN: Ermənistanın məqsədi danışıqlar prosesinin irəliləməsinə maneə yaratmaqdır

Bakı. 25 sentyabr. REPORT.AZ/ "BMT Baş Assambleyasının 70-ci sessiyasının işə başlaması, sessiya çərçivəsində beynəlxalq sülh və təhlükəsizlik məsələlərinin ciddi müzakirə olunduğu və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Nyu-Yorkda danışıqlar aparıldığı dövrdə Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyətin Ermənistan tərəfindən gərginləşdirilməsi cəhdləri təxribat xarakteri daşıyır. Məqsəd danışıqlar prosesinin irəliləməsinə maneə yaratmaqdır".

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"a açıqlamasında belə deyib. 

O bildirib ki, beynəxalq humanitar hüquq üzrə öhdəliklərini ciddi şəkildə pozaraq, Ermənistan Silahlı Qüvvələri tərəfindən qəsdən mülki şəxslərin hədəf seçilməsi davam etdirilir: "Ermənistanın son belə təxribatı nəticəsində sentyabrın 23-də Azərbaycan Respublikasının Qazax rayonunun Kəmərli kəndinin mülki sakini Esmira Aslan qızı Dursunova yaralanıb.

Ermənistan atəş məntəqələrini qəsdən mülki obyektlərin içərisində və yaxınlığında yerləşdirərək və Azərbaycan silahlı qüvvələrinin mövqelərinə atəş açaraq, cavab atəşi ilə mülki şəxsləri hədəf obyekti etmək cəhdi kimi qeyri-insani taktika seçmişdir. Terrorçulara xas olan və mülki obyektləri və şəxsləri özünə sipər seçən bu taktika ilk növbədə Ermənistan vətəndaşlarına qarşı hərbi cinayətdir.

Azərbaycan Respublikası Cenevrə konvensiyaları və əlavə protokollar üzrə öz üzərinə götürdüyü öhdəliklərinə sadiqdir.

Ermənistandan fərqli olaraq, Cenevrə konvensiyaları və əlavə protokollar üzrə üzərinə düşən öhdəliklər Azərbaycan silahlı qüvvələrinin məcburi təlim - tədris proqramının tərkib hissəsidir. Ümumiyyətlə, mülki şəxslərin qorunması, qadın, uşaq və qocalara yardım edilməsi və qayğı Azərbaycan xalqının və Azərbaycan əsgərinin malik olduğu yüksək mənəvi-əxlaqi dəyərdir.

Ermənistanın Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə siyasəti, Xocalı soyqırımı, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki Azərbaycan əhalisinin hədəfə alınması və hətta öz vətəndaşlarının hərbi məqsədlərlə sipər və təxribat obyekti kimi istifadə etməkdən belə çəkinməmək Ermənistanın hərbi - siyasi rəhbərliyinin davamlı hərbi və insanlıq əleyhinə cinayət əməllərinin tərkib hissəsidir.

Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca atəşkəsin pozulması və vəziyyətin gərginləşməsinin səbəbi Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının davam etməsidir". 

Son xəbərlər

Orphus sistemi