Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlərin inkişafı naminə keçirilən görüşlərin formatı “5+1+1” şəklində olmalıdır.
“Report” xəbər verir ki, bunu Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov “Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və perspektivlər” mövzusunda keçirilən panel müzakirəsində deyib.
Onun sözlərinə görə, Azərbaycan Qarabağ münaqişəsini ədalətli şəkildə həll etdikdən sonra diqqətini bir sıra digər vacib məsələlərə, əməkdaşlıq regionlarına da yönəltməyə başlayıb:
“Son illərdə Mərkəzi Asiyanın rolu getdikcə artır. Xüsusilə Rusiyanın Ukraynaya hücumundan sonra Qərb ölkələrinin Mərkəzi Asiyaya qarşı canfəşanlığını da müşahidə edirik. Ancaq Azərbaycanın da bu geosiyasi bölgənin bir üzvünə çevrildiyini unutmaq lazım deyil. Ona görə də görüşlərin formatı artıq “5+1+1” (Mərkəzi Asiyanın beş ölkəsi + Avropa İttifaqı + Azərbaycan - red.) şəklində olmalı və Azərbaycan da nəzərə alınmalıdır”.
R.Hüseynov bildirib ki, Azərbaycan son bir neçə ildə ikitərəfli münasibətlərdən çoxtərəfli platformalara keçir:
"Ötən il Azərbaycan D-8 təşkilatına üzv oldu. Çoxtərəflilik Azərbaycana yeni imkanlar yaradır".